İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlim keçirilib. Milli Mətbuat Gününə həsr edilmiş təlimə 40-a yaxın media nümayəndəsi qatılıb.
Fins.az xəbər verir ki, tədbirdə Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov açılış nitqi ilə çıxış edərək ölkə iqtisadiyyatında baş verən yeniliklərin operativ, obyektiv və peşəkar şəkildə ictimaiyyətə çatdırılmasında fəal iştirakına, cəmiyyətin çevik və düzgün məlumatlandırılmasında mühüm roluna görə media nümayəndələrinə təşəkkürünü bildirib.
Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi və onun tabeliyində olan qurumlar ölkənin sürətli iqtisadi inkişafına cavab verən bazar münasibətlərinin inkişafı üçün zəruri tədbirlər həyata keçirirlər. Bu mənada Dövlət Xidməti də öz fəaliyyətini rəqabət mühitinin qorunması, malların, işlərin, xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin artırılması, istehlakçı maraqlarının müdafiəsi, dövlət satınalmalarında şəffaflıq və əlçatanlığın təmin edilməsi və sahibkarlar üçün bərabər imkanların yaradılması istiqamətində qurur və bu fəaliyyətin ictimailəşdirilməsində KİV nümayəndələri müstəsna əhəmiyyətə malikdir.
Tədbir çərçivəsində Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdir müavini Nəzrin Mirzəzadə “Keyfiyyət infrastrukturunun mahiyyəti, əhəmiyyəti və istehlakçılar üçün faydası” mövzusunda təqdimatla çıxış edib. Keyfiyyət infrastrukturunun əsas elementləri, iqtisadi faydası, milli keyfiyyət infrastrukturu qurumlarının əsas funksiyaları barədə geniş məlumat verilib. Həmçinin keyfiyyət infrastrukturu sahəsində ölkəmizdə görülən işlər, standartlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi istiqamətində aparılan islahatlar diqqətə çatdırılıb.
Növbəti çıxış Dövlət Xidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalının təqdimatında “Qüvvəyə minən Rəqabət Məcəlləsi: sahibkarlar və istehlakçılar üçün üstünlükləri, dəyişikliklər və yeniliklər” mövzusunda olub. Çıxış zamanı Rəqabət Məcəlləsinin strukturu, üstünlükləri, Məcəllədə nəzərdə tutulan yeniliklər, eləcə də Azərbaycan Respublikasında rəqabət siyasətinin əsas prinsipləri haqqında izahlar verilib. Rəqabəti məhdudlaşdıran sazişlər, təmərküzləşmələr, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı Məcəllədə təsbit olunmuş tənzimləmə mexanizmləri diqqətə çatdırılıb.
Sonda hər iki mövzu ilə bağlı KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Fuad Mədətov
Fins.az