Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən jurnalistlər arasında təşkil olunmuş növbəti yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
ASA-dan Fins.az-a verilən məlumata görə, “Risklərin təminat altına alınmasında həyat sığortalarının rolu” mövzusunda təşkil olunmuş bu yazı müsabiqəsində I, II və III yerlər üzrə qaliblərə xüsusi plaket və pul mükafatları, müsabiqədə iştirak edən digər 3 jurnalistə isə sertifikat və qiymətli hədiyyələr təqdim olunub.
Yazı müsabiqəsində 1-ci yerə “ENA.az” xəbər portalının baş redaktoru İlhamə Abdullayeva, 2-ci yerə “Report” İnformasiya Agentliyinin baş redaktor müavini İlahə Məmmədli, 3-cü yerə isə “AZƏRTAC” - Azərbaycan Dövlət İnformasiya Agentliyinibən aparıcı müxbiri Samirə Quliyeva layiq görülüb. "Banco.az" xəbər portalının reportyoru Gülnar Əhmədli, "Vergilər" qəzetinin II dərəcəli müxbiri Fərqanə Sədirova və "GDP.az" xəbər portalının redaktoru Aynur Qəniyeva sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunmuşdu. Müsabiqənin başlıca məqsədi ölkəmizdə sığorta savadlılığının artırılmasına, cəmiyyətdə sığortaya marağın formalaşdırılmasına, habelə jurnalistlərin sığorta sahəsində də ixtisaslaşmasına töhfə verməkdən ibarətdir.