COP29 Azərbaycan Əməliyyat Şirkəti ətraf mühitin mühafizəsində kollektiv iştirakçılıq və məsuliyyətə çağırış olaraq "Kiçik dostlarımız üçün təkrar istifadə" şüarı altında ekoloji aksiya təşkil edib. Tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun tərəfdaşlığı ilə qədim tarixi və təbii gözəlliyi ilə seçilən İçərişəhərdə baş tutub.
Fins.az xəbər verir ki, aksiya çərçivəsində COP29 könüllüləri öncədən toplanan tullantı materiallarından təkrar istifadə etməklə funksional quş yuvalarının hazırlanması üçün bir araya gəliblər. Praktiki fəaliyyət ilə əhalinin marağına səbəb olan könüllülər aksiyaya qoşulan iştirakçılara müxtəlif növ tullantı materiallarından fərqli quş yuvalarının hazırlanması prosesini əyani nümayiş etdirib, tullantıların təkrar istifadəsi yolu ilə azaldılmasının faydası haqqında maraqlı faktlar bölüşüblər. Quş yuvaları daha sonra quş və kiçik heyvanların qida və su ehtiyaclarını təmin etməklə İçərişəhərdəki parkın ərazisində quraşdırılıb. Yuvaların digər qisminin isə Qala Qoruğunda quraşdırılması nəzərdə tutulur.
COP29 könüllülərinin nəzəri bilik və praktiki fəaliyyətlərini birləşdirərək reallaşdırdıqları bu təşəbbüs mühüm iqlim məsələlərindən biri olan tullantıların idarəedilməsi və ətraf mühit, flora və faunanın mühafizəsi arasında olan əlaqənin vurğulanmasına, tullantıların məsuliyyətli idarəedilməsi kimi ekoloji dayanıqlı vərdişlərin gündəlik həyatda tətbiq edilməsinə ictimai diqqətin cəlb edilməsi, eləcə də kollektiv səylərin əvəzsiz rolunun bir daha vurğulanmasına xidmət edib.