ADA Universitetində 18-ci Bakı Yay Enerji Məktəbi fəaliyyətə başlayıb. Yay məktəbi ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və ADA Universiteti Fondu tərəfindən, “BP Azərbaycan”, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan və Gürcüstan Texniki Universitetinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilir.
Fins.az xəbər verir ki, 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində ADA Universitetinin rektoru, Hafiz Paşayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz və başqaları iştirak ediblər.
ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışında Bakı Yay Enerji Məktəbinin 2007-ci ildən bəri hər il keçirildiyini xatırladıb. O qeyd edib ki, proqramın Xəzər regionu ölkələrində enerji və ekoloji problemlərə diqqət yetirməsi həm yerli, həm də beynəlxalq iştirakçılar üçün faydalıdır.
Universitetin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə builki yay məktəbinin mövzusunun bərpaolunan, “yaşıl enerji” olduğunu və 2024-cü illin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına həsr olunduğunu diqqətə çatdırıb. O deyib ki, yay məktəbi Azərbaycanın 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq planının mühüm hissəsi olan bərpaolunan enerji potensialının inkişaf etdirilməsi öhdəliyinə töhfə vermək məqsədi daşıyır.
Ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev bildirib ki, Azərbaycan uzunmüddətli davamlı inkişafı təmin etmək üçün qalıq yanacaq sənayesindən əldə edilən gəlirlərdən istifadə edir. Bu ilin noyabrında bütün dünyanın qlobal iqtisadiyyatı sıfır emissiyaya uyğunlaşdırmaq və qlobal istiləşməni 1,5 dərəcə hədəflə məhdudlaşdırmaq üçün Bakıda toplaşacağını xatırladan nazirin sözlərinə görə, əsas iqtisadi vəzifə layihənin həyata keçirilməsi üçün sıfır emissiyaya keçidə imkan verəcək şəraiti yaratmaqdır: “Əsas prinsiplərdən biri iqlim dəyişikliyi ilə mübarizədə hər kəsə dəstək olmaqdır. Biz ölkələri emissiyaları azaltmaq, iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq və fəaliyyətləri haqqında şəffaf hesabat təqdim etmək üçün yeni planlar hazırlamağa təşviq edəcəyik. Buna görə də biz emissiyaların azaldılması üzrə milli planımızı yeniləmək üzərində işləyirik”, – deyə nazir əlavə edib.
COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün aydın və iddialı yeni maliyyə planının razılaşdırılmasının vacibliyini önə çəkən Muxtar Babayev deyib ki, bu, bir çox inkişaf etməkdə olan ölkələri geridə qoyan maneələri aradan qaldırmağa və planet üçün qlobal maliyyə sistemini yenidən qurmağa kömək edəcək.
Energetika naziri Pərviz Şahbazov çıxış edərək bildirib ki, hazırda karbon qazı emissiyalarının azaldılması məsələsi Azərbaycanın enerji gündəliyində mühüm yer tutur. Diqqəti ötən ilin statistikasına cəlb edən nazirin dediyinə görə, ölkəmizin enerji resurslarının, demək olar ki, 75 faizi Avropaya ixrac edilib. Qeyd olunub ki, Azərbaycan Avropada şaxələndirmə və enerji təhlükəsizliyini təmin etmək üçün mühüm təşəbbüsü həyata keçirməyə davam edir. Hazırda ölkəmizin qlobal enerji keçidi məsələləri üzərində də işlədiyini vurğulayan P. Şahbazov xatırladıb ki, Azərbaycan yeni sosial-iqtisadi strategiya qəbul edib və prioritet məsələlərdən biri “yaşıl inkişaf”dır.
“Azərbaycanda “yaşıl enerji”yə keçid bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir”. Bu fikri isə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf tədbirin açılış mərasimindəki çıxışı zamanı səsləndirib. İstənilən siyasi qərarın bu keçidin istiqamətinə və sürətinə təsir edəcəyini vurğulayan R.Nəcəfin sözlərinə görə, bu baxımdan hər şey razılaşdırılmalı, bütün maraqlı tərəflər sözügedən məqsədə çatmaq üçün öz fəaliyyətlərini əlaqələndirməlidirlər.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz açılış mərasimindəki çıxışı zamanı deyib ki, son 30 ildə neft və qaz yataqlarının işlənilməsi sayəsində Azərbaycan bütün regionun və Avropanın enerji təhlükəsizliyini təmin edib. Bunun əhəmiyyətli texniki resurslar tələb etdiyini vurğulayan Q. Counz bildirib ki, uzunluğu 3,5 min kilometrdən çox olan Cənub Qaz Dəhlizi hazırda Avropanı təbii qaza olan ehtiyacını ödəyir. O, Bakı Enerji Məktəbinin əhəmiyyətinə toxunaraq burada təlim keçmiş istedadlı tələbələrin enerji keçidinin mürəkkəb prosesinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Bakı Yay Enerji Məktəbi Xəzər regionuna xüsusi diqqət yetirərək enerji və ekologiya məsələlərini araşdırmaq və öyrənmək üçün dünyanın tanınmış alimlərini, siyasətçilərini və ekspertlərini bir araya gətirən beynəlxalq iki həftəlik sertifikat proqramıdır. Proqram Xəzər regionunun enerji landşaftında transformativ dəyişikliklərə, davamlı inkişafa və iqtisadi artıma töhfə vermək üçün dövlət və özəl sektorların kollektiv səylərini özündə əks etdirir.
İnteraktiv mühazirələr, nümunə araşdırmaları və tədqiqat səfərləri ilə zəngin olan bu yay proqramı tanınmış enerji şirkətlərindən, beynəlxalq təşkilatlardan, ali təhsil müəssisələrindən yüksək və orta səviyyəli mütəxəssisləri, eləcə də enerji və ekoloji məsələləri araşdıran alim və ekspertləri cəlb edib. Builki proqramda 12 ölkəni təmsil edən 50 nəfər iştirak edəcək. Həmin ölkələr sırasında Azərbaycan, Albaniya, Bolqarıstan, Çexiya, Çin, Macarıstan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Vyetnam, ABŞ və, Böyük Britaniyanın qeyd etmək olar.
Proqram iştirakçıları Çexiyanın Sənaye və Ticarət Nazirliyini, Bolqarıstan Xarici İşlər Nazirliyini, Səudiyyə Ərəbistanının Energetika Nazirliyini, Vyetnam Neft və Qaz Qrupunu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətini, “bp Azərbaycan”ı , ABŞ və Macarıstandakı beyin mərkəzlərini və digər təşkilatları təmsil edirlər.
İntensiv iki həftəlik proqram bir həftə Bakıda, bir həftə isə Gürcüstanın paytaxtı Tbilisidə iyulun 8-dən 19-dək keçiriləcək. Məktəbin bu beynəlxalq formatı iştirakçılara enerji məsələləri və “Yaşıl Enerji” Dəhlizi ilə bağlı regional perspektivləri öyrənməyə, klassik enerji mənbələri və bərpa olunan enerji mövzularına kompleks regional yanaşmanı təmin etməyə imkan verir.