9 aprel 2024-cü il tarixində “ATMİA İnşaat həftəsi” çərçivəsində Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (AzMİU) italyan memar və professor, Genuya Memarlar Assosiasiyasının üzvü Nikola Ruggieronun sahibkarlar və Azərbaycan Memarlıq və İnşaat Universitetinin yuxarı kurs tələbələri üçün seminarı təşkil olunub. AzMİU və İtaliya Ticarət Agentliyinin dəstəyi, Azərbaycan İnşaat Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) təşkilatçılığı, “Matanat A” Şirkətlər Qrupunun baş sponsorluğu və MİRVANA dekorativ boyalarının sponsorluğu ilə təşkil edilən tədbir inşaat və memarlıq sahələrinin peşəkarlarının və tələbələrinin diqqətini cəlb edib.
Fins.az xəbər verir ki, ATMİA-nın Baş Katibi Şahanə Sarı öz çıxışında AzMİU və İtaliya Ticarət Agentliyi, eləcə də 25 illik tarixə malik “Matanat A” şirkətlər qrupu və italyan texnologiyası ilə istehsal edilən Mirvana dekorativ boyalarına layihədə göstərdiyi təşkilati dəstək üçün təşəkkür edib.
Tədbir İtaliya Ticarət Agentliyinin direktoru cənab Andrea Makkanikonun salamlama nitqi ilə açıldı və o, ölkələr arasında mədəni və peşəkar mübadilə üçün belə tədbirlərin sevincini və əhəmiyyətini ifadə etdi.
Tədbirdə AzMİU-nun Memarlıq fakültəsinin Dekanı m.ü.f.d. Professor Zahidə Məmmədova da çıxış edərək memarlıq və inşaat sahəsində beynəlxalq ekspertlərlə əməkdaşlığın vacibliyini vurğulayıb.
Professor Nicola Ruggiero mühazirə iştirakçılarına qabaqcıl italyan texnologiyaları və memarlıq sahəsində innovasiyalar haqqında unikal perspektiv təqdim etdi. “Matanat A” Şirkətlər Qrupunun yeni innovasiyası olan, İtaliyanın qabaqcıl texnologiyalarından istifadə etməklə istehsal olunan MİRVANA dekorativ boyalarının təqdimatına xüsusi diqqət yetirilib. Yeni dekorativ boyalar böyük marağa səbəb olub və tədbir iştirakçıları tərəfindən müsbət rəylər alıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u ölkədə “İnşaatçılar günü” peşə bayramı kimi qeyd olunur.
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiyasiyası (ATMİA) ilk dəfə olaraq 1-9 aprel tarixində keçirdiyi İnşaat Həftəsi çərçivəsində silsilə tədbirlər təşkil edib. 2017-ci ildə yaradılan Assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına dəstək vermək, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdir.
Fuad Mədətov
Fins.az