SOSİUM

26 Yanvar

“Qadınlar üçün Kosmos” Mentorluq proqramı elan edilib

Kosmik Ticarət İnstitutu (Space Commerce Institute) və Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) arasında tərəfdaşlıq çərçivəsində Azərbaycanda qadınlar üçün Mentorluq proqramı elan edilib.

Fins.az xəbər verir ki, “Qadınlar üçün Kosmos” adlı üçaylıq Mentorluq proqramı mart-may aylarını əhatə edəcək.

Proqrama qoşulmaq istəyən 18-35 yaş arası azərbaycanlı qadın iştirakçılar qeydiyyatdan keçərək müraciət edə bilərlər. Müraciət üçün son tarix 14 fevral 2024-cü ildir.

Belə ki, ilkin seçimlərdən sonra proqrama seçilmiş beş iştirakçı beynəlxalq kosmik sahənin mütəxəssisləri, yəni mentorları ilə bir araya gələcək. Mentorlar ayda bir dəfə seçilmiş iştirakçılarla təkbətək görüşlər keçirəcəklər. Eyni zamanda bu görüşlər digər kosmik sənaye ekspertlərinin aylıq seminarları ilə müşayiət olunacaq. Sözügedən Mentorluq proqramının məqsədi kosmos sahəsində qadınların tam potensiallarını aşkar etmək və onların qlobal əməkdaşlıqda iştirakını dəstəkləməkdir.

“Qadınlar üçün Kosmos” proqramının mentorlarını nəzərinizə çatdırırıq:

  • Kelli Kedis Oqborn – Kosmik Fondun kosmik ticarət və sahibkarlıq üzrə vitse-prezidenti;
  • Ramata Sörensen – “OIP Space Instruments”in proqram meneceri;
  • Aleksandra Cerkayanu – Kosmik Nəsil Məşvərət Şurasının Gender müxtəlifliyi işçi qrupunun strateji tərəfdaşlıq və biznesin inkişafı üzrə eksperti;
  • Natavan Həsənova – Azərkosmosun Strategiya və biznesin inkişafı departamentinin direktoru;
  • Esmira Bayramova – “Capella Space” şirkətinin DevOps meneceri.

Kosmik Fondun kosmik ticarət və sahibkarlıq üzrə vitse-prezidenti Kelli Kedis Oqborn qeyd edib ki, kosmik sahədə mentorluq çox vacibdir. Əsas məsələ innovasiyaları təşviq edən müxtəlif qlobal təşəbbüslərdir. Biz bu mühüm proqram üzrə Azərkosmosla tərəfdaşlıq etməkdən və Azərbaycanın kosmik sahəsinin gələcək nəsil qadın liderlərinin inkişafının bir parçası olmaqdan qürur duyuruq. “Gələcəyi birlikdə qurmaq öz əlimizdədir!” – deyə o bildirib.

Mentorluq proqramı ilə bağlı Azərkosmosun Strategiya və biznesin inkişafı departamentinin direktoru Natavan Həsənova Kosmik Fondla əməkdaşlığı qadınların səlahiyyətlərinin artırılması ilə bağlı böyük layihələrdən biri kimi qiymətləndirib. “Xüsusilə kosmik sənaye ilə əlaqəli təhsil və karyeralarında qadınlar üçün bələdçi və mentor olmaq yeni çağırışdır. Ümid edirəm ki, əməkdaşlığımız səmərəli nəticələrə və davamlı birgə layihələrə gətirib çıxaracaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, Mentorluq proqramı üzrə tərəfdaş olan Kosmik Ticarət İnstitutu 1983-cü ildə təsis edilmiş qeyri-kommersiya təşkilatıdır. Təşkilat qlobal kosmik ekosistem üçün məlumat, təhsil və birgə fəaliyyət həlləri təklif edən Kosmik Fondun (Space Foundation) tərkib hissəsidir.

Günel Məlikzadə
Fins.az