SOSİUM

24 Yanvar

Azərbaycanda internetin sürəti 30% artıb

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın dekabr ayını əhatə edən hesabatına görə, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ayda artaraq ortalama 35.25 Mbit/s-i keçib. 2022-ci ilin dekabr ayında Azərbaycanda genişzolaqlı internetin sürəti 27.15 Mbit/s olub. Bu, 30% artım deməkdir.

Qurumdan Fins.az-a bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər və əvvəlki dirəklər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə və yeni dirəklərlə əvəzlənir. Burada əsas məqsəd dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.

2017-2020-ci illərdə 227 min, 2021-2023-cü illərdə isə 1 milyon 689 min ev təsərrüfatı və biznes subyekti genişzolaqlı internetə çıxış əldə edib. Bu, əvvəlki 4 illə müqayisədə 7,4 dəfə çox deməkdir. Layihə çərçivəsində 2023-cü il ərzində Azərbaycanda 1,1 milyondan artıq ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

Ümumilikdə 2 milyona yaxın ev təsərrüfatı və biznes subyektlərinin genişzolaqlı internetə çıxışı təmin edilib. Bununla da ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 66%-i genişzolaqlı internetlə əhatə olunub.

Sözügedən layihə üzrə görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.

Günel Məlikzadə
Fins.az