SOSİUM

06 Noyabr

İctimai nəqliyyatın flaqmanının 56 illik tarixçəsi

Bakının çoxəsrlik tarixinin əlamətdar günlərdən birinə çevrilən 1967-ci ilin 6 noyabrından 56 il ötür. Həmin payız gününü xatirələrdə yaşadan Bakı metrosunun istismara verilməsi oldu.

Qurumdan Fins.az-a verilən məlumata görə, Bakıda metro tikmək ideyası 35 ilə rellığa çevrilə bildi. İkinci dünya müharibəsindən əvvəl şəhərin baş planı üzərində işləyənlər şəhərin sərnişin nəqliyyatı sisteminin inkişafında metronu da nəzərə almışdılar. Amma bunu gerçəkləşdirmək düşünüldüyündən daha çox vaxt apardı.

Məsələyə bir daha müharibədən sonra yenidən qayıdıldı. Bu barədə SSRİ hökumətinin rəsmi qərarı 1948-ci ildə verildi və 1949-cu ilin aprelində layihə işlərinə başlanıldı. Həmin il Metropoliten və Nəqliyyat Qurğularının Tikintisi Üzrə Dövlət Layihə-Axtarış İnstitutunun (“Metrogiprotrans”) Bakıda “Bakımetrolayihə” filialı yaradıldı. İşlərə rəhbərlik və layihə-smeta sənədlərinin hazırlanması üçün Moskva metrosunun tikintisində zəngin təcrübə qazanmış qazmaçı və inşaatçı fəhlələr, bacarıqlı mütəxəssislər A.Denişenko, Q.Lebedevin başçılığı altında 5 illik müddətə Bakıya ezam edildilər. Denişenko metro tikintisi idarəsinə, Q.Lebedev isə “Bakımetrolayihə”yə rəhbərlik etməyə başladılar. Hər iki təşkilata Poluxin küçəsi 6 (indiki Murtuza Muxtarov) ünvanında “Səadət sarayı”na bitişik gözəl bir binada yer ayrıldı.

“Pis mühit yoxdur, pis mühəndis var”

Tikintiyə başlamaq üçün ilk növbədə geoloji axtarış işlərinin aparılması lazım idi. Amma kəşfiyyat işlərinin nəticələri barədə geoloqların rəyləri heç də sevindirici olmadı. Onlar belə bir çətin hidrogeoloji şəraitə indiyə kimi rast gəlmədiklərini bildirdilər. Aydın idi ki, bu halda yeraltı yolların tikintisi heç də asan olmayacaq. Bəzilərinin hətta bunun mümkün olmayacağı barədə iddiaları ruh düşkünlüyü yaradırdı. Ancaq “Metrogiprotrans”da Alixaşkin kimi nikbin mütəxəsislər var idi. İnstitutun baş mühəndisinin “pis mühit yoxdur, pis mühəndis var” fikri ilə ruhlanan layihəçi və inşaatçılar işlərini inamla davam etdirdilər.

1949-cu ilin aprelində layihə işlərinə başlandı. Yerli şəraitin xüsusiyyətləri nəzərə alınmaqla ilk layihələr hazırlandı. 1951-ci il iyunun 14-də uzunluğu 10 km-ə yaxın olan birinci növbənin birinci buraxılış sahəsinin texniki layihə sənədləri təsdiq olunmaqla tikinti işlərinə start verildi. İnşaatçılar yeraltı qatların, sulu layların, güclü axınların müqavimətini qıraraq inamla irəliləməkdə idilər. Lakin 2 ildən sonra Moskva tikintini dayandırdı. 1953-cü ildə İ.Stalinin ölümündən sonra Sov.İKP MK-nın Birinci katibi və SSRİ Nazirlər Sovetinin sədri N.Xruşşovun göstərişilə Bakıda metro tikintisi konservasiya olundu. Ovaxtkı respublika rəhbərliyi bu ağılsız qərarın ləğv olunması üçün səy göstərirdi. Həmin dövrdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin məsul işçisi Heydər Əliyev də bu qərarın əsassız, heç bir məntiqə sığışmadığı barədə məlumatları hazırlayıb SSRİ DTK-sına təqdim edir, Bakıda metro tikintisinin davam etdirilməsi üçün bütün imkanlara əl atılırdı. Nəhayət ki, bu inadlı cəhdlər Moskvanı fikrindən daşındıra bildi. Yeraltı şəhərin yarımçıq qalmış tikintisində işlər yenidən canlandı. Cəmi 7 il ərzində metronun birinci növbəsinin birinci buraxılış sahəsi istismara verildi. Metro inşaatçılarının fədakar əməyi 40 orden və 60 medalla dəyərləndirildi.

Uzunluğu 6,3 km olan birinci buraxılış sahəsinin “Bakı Soveti” (“İçərişəhər”), “26 Bakı komissarı” (“Sahil”), “28 Aprel” (“28 May”), “Gənclik” və “Nərimanov” stansiyalarının qapıları 1967-ci il noyabrın 6-da açıldı. Bu münasibətlə “İçərişəhər” stansiyasının qarşısındakı meydanda keçirilən təntənəli mitinq başa çatdıqdan sonra mitinqdə iştirak edən partiya və hökumət, respublikanın ictimai-mədəni həyatının görkəmli nümayəndələri, qonaqlar stansiyanın yerüstü vestibülündən eskalatorlarla platformaya endilər. Saat 10:15-də maşinist Salman Ələkbərov və onun köməkçisi Arif Mirzəyevdən ibarət lokomotiv briqadanın idarə etdiyi qatar hərarətli alqışlarla yola salındı və hər stansiyada alqışlarla qarşılandı. Bakı metropoliteninin 56 illik tarixi belə başladı. Birinci buraxılış sahəsinin sonuncu “Xətai” stansiyası isə bundan 3 ay 10 gün sonra, 1968-ci il fevralın 22-də ilk sərnişinlərini qəbul etdi.

Metronun inkişafı Onun adı ilə bağlıdır

Bundan sonra Bakı metropoliteni tarixinin yeni bir dövrünə qədəm qoydu. Metropolitençilər bu dövrü metronun inkişafının Heydər Əliyev dövrü adlandırırlar. Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycana rəhbərliyə başladığı ilk illər respublikada sənayenin inkişafında nailiyyətlər sürətlə və sistemli şəkildə artmağa başladı. Əhalinin sosial-məişət şəraitinin yüksəldilməsinə böyük önəm verən Ulu Öndər mühüm vəzifələr sırasında ictimai məsələlərin həllini vacib sayırdı. Bütün fəaliyyəti dövründə o, həmişə bu məsələyə böyük diqqət ayırıb, problemlərin həll edilməsinə çalışırdı. 1970-1985-ci illərdə Heydər Əliyevin Azərbaycanın gələcəyinə, respublikanın yaxın perspektivinə istiqamətlənən planlarından biri də nəqliyyat sisteminin, xüsusən Bakıda ictimai sərnişin nəqliyyatının problemlərinin həlli idi və bu məsələlərlə o, ciddi məşğul olurdu. Ümummilli Lider vəziyyətdən ən doğru çıxış yolunu isə metropolitenin inkişafında gələcəyin yeraltı yollarında, mühüm məskunlaşma rayonlarının tələbatı və yaxın perspektivlərin nəzərə alınmaqla istiqamətləndirilməsində görürdü: “Metropoliten bütün nəqliyyat vasitələri içərisində ən gözəl nəqliyyat növüdür. Nəyə görə? Birincisi, sərnişinləri mənzil başına çox yüksək sürətlə çatdırır. İkincisi, təhlükəsizlik tamamilə təmin olunur. Üçüncüsü və ən əsası, metropoliten kütləvi nəqliyyat vasitəsidir, hər bir insanın istifadə etmək imkanı olan nəqliyyat vasitəsidir”.

Ulu Öndərin respublikada hakimiyyətinin ilk dövründə metronun 6 stansiyası işləyirdi. İnşaatçlar yeraltı yolları şəhərin “8-ci kilometr” və Əhmədli yaşayış massivlərinə doğru aparırdılar. Burada geoloji baxımdan böyük problemlər olmasa da, layihələndirmədə, maliyyə məsələlərinin həllində, kadr ehtiyatlarından istifadə olunmasında çox çətinliklər var idi. Birinci növbənin tikintisi moskvalı, leninqradlı mütəxəssislərin köməkliyi ilə aparılmışdı. Amma sonra Mərkəzi hökumət bildirdi ki, daha onlara heç bir ehtiyac yoxdur, kifayət qədər yerli mütəxəssislər yetişib. Halbuki konservasiya illərində bu mütəxəssislərin bir çoxu artıq başqa sahələrə keçmiş, ixtisaslarını dəyişmişdilər. Mərkəz maliyyə məsələlərini resrublikanın öz üzərinə atmaq niyyətində idi. İnşaat xərclərinin aşağı salınması üçün bəzən qəbuledilməz təklif və tələblər irəli sürülürdü. "Nərimanov" stansiyasından sonra metronun estakada üsulu ilə tikilməsi Bakı üçün qəbulu məqbul sayılmayan belə təkliflərdən biri idi. Heydər Əliyev bütün bu məsələləri Moskvada özünün iştirakı ilə keçirilən müzakirədə yoluna qoydu.

 "Nərimanov" stansiyasından sonrakı sahədə inşaat işləri Bakının planları üzrə davam etdirildi. Burada ilk stansiya 1970-ci il aprelin 17-də, V.Leninin 100 illik yubileyi ərəfəsində istifadəyə verildi. Bu, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev üçün də əlamətdar hadisə idi. “Ulduz” Ulu Öndərin respublika rəhbəri kimi, açılışında iştirak etdiyi ilk stansiya idi. Açılış münasibətilə keçirilən mitinqdə çıxış edən Heydər Əliyev metro inşaatçılarına belə müraciət etdi: “Şanlı metro inşaatçıları kollektivi "Ulduz" stansiyasının tikintisini başa çatdırmaqla Bakı zəhmətkeşlərinə gözəl yubiley hədiyyəsi təqdim etmişdir. Bu, yeni böyük əmək qələbəsidir və tunel texnikasını təkmilləşdirmək yolunda irəliyə doğru yeni addımdır. Yoldaş metro inşaatçıları, metropolitenin yeraltı xətti mürəkkəb şəraitdə keçdiyindən sizin üzərinizə öyrənilməmiş yolları qət etmək vəzifəsi düşmüşdü. Lakin sizin yaradıcı təxəyyülünüz, Lenin yubileyini ləyaqətlə qarşılamağa səyiniz, sizin ilhamlı əməyiniz yeni, cəsarətli texniki vasitələr tapmağa imkan vermişdir. Böyük razılıq hissi ilə qeyd edirik ki, qarşınıza qoyulan məsul tikinti vəzifəsinin öhdəsindən gəlməklə bərabər, Vətənimizdə metro tikintisi təcrübəsini bir sıra yeni üsullarla zənginləşdirmişsiniz. İndi həmin üsullardan başqa şəhərlərdə metropolitenlərin tikintisində müvəffəqiyyətlə istifadə olunur”.

Heydər Əliyev həmişə metro tikintisində işlərin gedişini nəzarət altında saxlayırdı. O, özü də bunu qürurla xatırlayırdı: “1976-cı ildə "Nizami" stansiyası hazır olmuşdu. Oranı neçə dəfə su basdı. Bir dəfə səhər işə gələndə xəbər verdilər ki, tunel tamamilə su ilə dolubdur. Onu oradan çıxarmaq nə qədər çətin məsələ idi. Yaxud tunelləri qazanda hər dəfə su çıxırdı. Bilməlisiniz ki, Bakının yeraltı geoloji strukturu çox mürəkkəbdir. Bakıda keçmişdə su olmadığına görə quyular qazırdılar. Təxminən 100 il bundan öncə Bakıda ancaq quyu suyundan istifadə edirdilər. Əgər indi o quyular qapanıbsa da, onların alt hissəsi qalır. Bizim metro inşaatçıları dəfələrlə belə quyulara rast gəliblər, oradan su çıxıbdır. Bəzən insanlar da orada ağır vəziyyətə düşüblər. Amma öz işlərindən əl çəkməyiblər. Mən bu gün bu barədə böyük iftixar hissi ilə danışıram. Ona görə ki, Bakı metrosunun tikilib bu səviyyəyə çatması üçün mən illər boyu çox xidmət göstərmişəm, hətta əziyyətlər çəkmişəm”.

Metro inşaatçıları Respublika rəhbərinin onların əməyinə verdiyi bu yüksək qiymətdən ruhlanaraq 3-cü buraxılış sahəsindəki işlərini uğurla davam etdirirdilər. Onlar “Ulduz” stansiyasından sonrakı iki il yarımda daha 3 stansiyada tikinti işlərini başa çatdırdılar. 1972-ci il noyabrın 6-da “Məşədi Əzizbəyov“ (“Koroğlu”), “Avrora” (“Qara Qarayev”) və “Neftçilər” stansiyaları şəhərin ucqar yaşayış sahəsi olan “8-ci kilometr” qəsəbəsinin mərkəzlə yolunu nəzərə çarpacaq dərəcədə qısaltdı.

Heydər Əliyev stansiyaların memarlıq tərtibatına da çox böyük diqqət ayırır, layihələrə münasibətini bildirir, bu sənətin bilicisi kimi, layihə müəlliflərinə tövsiyələrini verirdi. 1976-cı il dekabrın 30-da istifadəyə verilən Azərbaycan memarlığının incisi “Nizami” stansiyasının möhtəşəm tərtibatı bu həqiqətin təsdiqidir.

“Bakıda işləməsəm də, mənim qəlbim, ürəyim burada idi”

1980-ci illərin əvvələrində SSRİ-nin bir neçə şəhərində - Xarkovda, Daşkənddə, Yerevanda, Volqoqradda (sürətli tramvay), Minskdə, Qorkidə, Kiyevdə metro tikildiyindən inşaat materialları, qazma avadanlıqları ilə təminat məsələlərində çətinliklər yaranmışdı. Amma məhz Heydər Əliyevin mərkəzi hökumətdəki məsul vəzifə, partiya rəhbərliyindəki nüfuzu nəticəsində Bakı lazımi materiallarla vaxtında təchiz olundu, yeraltı yolların tikintisində fasiləyə yol verilmədi. Ortaya çıxan hər bir problem Heydər Əliyevin müdaxiləsi nəticəsində həll olunurdu. Həmin illərdə Moskvada yüksək dövlət vəzifəsində işləyən Ulu Öndər sonralar metro tikintisindən danışarkən belə deyirdi: “Moskvada Nəqliyyat Tikintisi Nazirliyinin kollegiyalarında biz bu məsələni bir neçə dəfə müzakirə etmişdik. Göndərilən tübinqlər Bakı üçün kifayət etmirdi. Mən orada öz imkanlarımdan istifadə edərək, təbiidir ki, Bakının bütün tələbatını artıqlaması ilə ödəyirdim. Çünki Bakıda işləməsəm də, mənim qəlbim, ürəyim burada idi. Ona görə də mənim orada işləməyim və bilavasitə bu sahə ilə də məşğul olmağım o illərdə, ondan sonrakı illərdə metro inşaatının sürətlə getməsi üçün çox kömək etdi, çox böyük amil oldu”.

Ötən əsrin həmin illərində "Elmlər Akademiyası-İnşaatçılar" stansiyaları arasında aparılan inşaat işləri zamanı yeraltı suların güclü təzyiqi qəza vəziyyəti yaratmışdı. Bu çətin ərazi yüksək qazma sürəti ilə keçilməli idi. Bunun üçün isə çuqun tübinqlərin tədarükündə fasiləyə yol vermək olmazdı. Tübinq istehsalı isə o illərdə ölkədəki tələbatdan geri qalırdı. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyev vəziyyətdən xəbər tutan kimi dərhal tədbir gördü. O vaxt Leninqradın Kirov adına zavodu ancaq Bakının metro inşaatçılarının tübinqə olan sifarişləri üzrə işlədi. Bunun nəticəsi olaraq Şimal sahəsinin 4 stansiyası - “Elmlər Akademiyası”, “İnşaatçılar”, “XI Qızıl Ordu meydanı” (“20 Yanvar”) və “Memar Əcəmi” və 5.6 km-lik yeni xətt 1985-ci il dekabrın 31-də açıldı. Məhz həmin dövrdə Ulu Öndərin vaxtında göstərdiyi kömək sayəsində 1989-cu ilin aprelində “Xalqlar dostluğu” və “Əhmədli”, 1993-cü ildə “Cəfər Cabbarlı” stansiyalarında da iş mürəkkəbləşən dövrdə dayanmadan başa çatdırıldı. Həmin vaxt inşası yarımçıq qalmış “Həzi Aslanov” stansiyasının da inşasının 2002-cü ildə tamamlanması məhz Ulu Öndərin gəstərişi ilə ayrılmış dövlət vəsaiti və onun nüfuzu sayəsində Avropa Birliyinin ayırdığı maliyyə yardımı hesabına mümkün oldu.

Ümumiyyətlə, Heydər Əliyevin nəinki Bakı metropoliteninin inkişafında, eləcə də bütün keçmiş SSRİ respublikalarında yeraltı nəqliyyatın inkişaf etdirilməsində, metropolitenlərin fəaliyyətinin təmin olunmasında müstəsna rolu olub. Sovetlər ölkəsində metro vaqonlarına olan tələbatn sürətlə artdığı, sənayenin bu sahəsinin isə bu artım qarşısında aciz qaldığı bir vaxtda problem məhz Heydər Əliyevin müdaxiləsi və rəhbərliyi nəticəsində aradan qaldırıldı.

Tək Bakı deyil, Sovet metro sənayesində onun əbədi izi var

SSRİ məkanında və digər sosialist ölkələrində metro tikintisi sürətlə inkişaf edirdi. Yeni metropolitenləri vaqonlar və vaqon təsərrüfatı avadanlıqları, ehtiyyat hissələri ilə təmin etmək lazım idi. Ölkə metropolitenlərinin normal fəaliyyəti üçün 600 vaqon tələb olunurdu. Leninqradda Yeqorov adına və Mıtişşi vaqonqayırma zavodları bu vəzifənin öhdəsindən gəlmək imkanında deyildilər. Hər iki müəssisənin istehsal gücü 365 vahiddən yuxarı qalxmırdı. Vaqonların istismar keyfiyyətləri də istənilən səviyyədə deyildi və onların ciddi konstruktiv dəyişikliklərə ehtiyacı vardı. Bu barədə SSRİ Nazirlər Sovetinin müvafiq qərarı olsa da, yerinə yetirilməmişdi. Nəticədə metropolitenlərin vaqonla təmin olunması sahəsində vəziyyət xeyli gərginləşmişdi. Heydər Əliyev müvafiq idarə və nazirliklərin rəhbərlərinə yaranmış vəziyyətdən tez bir zamanda çıxış yolunu göstərən tədbirlər planı işləyib hazırlamaq barədə tapşırıq verdi. 1985-1988-ci illərdə Yeqorov adına Leninqrad və Mıtişşi vaqonqayırma zavodlarının genişləndirilməsi və orada vaqon istehsalının həcminin artırılması barədə qərar qəbul edildi. Qərar təkcə elə Leninqrad zavodunda ildə 500 vaqonun istehsal olunmasını, metropolitenlərin təmir bazasının genişləndirilməsini, ehtiyat hissələrinin hazırlanması və bunun üçün lazım olan texnoloji avadanlığın alınmasını nəzərdə tuturdu.

Zəngin tarixə malik Mıtişşi vaqonqayırma zavodunun 130 ilə yaxın fəaliyyəti dövründə keçdiyi inkişaf yolunun ən əhəmiyyətli illəri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 80-ci illərində onun şəxsi nəzarəti altında zavodun istehsal sahələri genişləndi, tamamilə yeniləndi, istehsalın həcmi xeyli artd. Bu gün “Transmaşholdinq”in tərkibinə daxil olan “Metrovaqonmaş” Səhmdar Cəmiyyəti dünyanın ən qabaqcıl maşınqayırma sənayesi istehsalçılarından sayılır. Məhsulları dünya bazarında yüksək qiymətləndirilən müəssisə Bakı metropoliteninin bütün fəaliyyəti dövrünün əsas və demək olar ki, yeganə vaqon tədarükçüsüdür. Müstəqilliyimizin ilk illərinin çətin iqtisadi böhran vəziyyətində Mıtişşi vaqon istehsalçıları Heydər Əliyevin nüfuzu, onun bir vaxtlar zavod üçün etdiklərini unutmadıqlarının təsdiqi kimi, Bakı üçün daxili qiymətlərlə 136 vaqon hazırladılar.

Müəssisə rəhbərliyi Heydər Əliyevin maşınqayıranlar qarşısındakı xidmətini həmişə yüksək dəyərləndirib. Bu gün zavodun həyətində Heydər Əliyevin köməyi ilə tikilən sexin divarında Ulu Öndərin barelyefi bu hörmətin nişanəsidir. Lövhənin 2019-cu ilin oktyabrında keçirilən açılış mərasimində Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov, “Transmaşholdinq” SC-nin baş direktor müavini Artyom Ledenyov, "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin baş direktoru Boris Boqatıryov iştirak ediblər.

“Bu, hamımızın vəzifəsidir”

 Heydər Əliyev müstəqil Azərbaycana 10 illik rəhbərliyi dövründə siyasi müstəqilliyin möhkəmləndirilməsi üçün ilk növbədə iqtisadi müstəqilliyin təmin olunmasının əhəmiyyətini dərindən dərk edirdi. Neft sektoruna xarici sərmayələrin cəlb edilməsi, 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması, Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasının qoyulması Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsi, ölkənin nəqliyyat sektorunun inkişaf etdirilməsi müasir Azərbaycan dövlətinin iqtisadi təməlinin möhkəmləndirilməsi sahəsində həlledici amillər idi.

Ulu Öndər Azərbaycanın gələcəyi üçün arxayın idi, ölkəni onun arzularına doğru apara biləcək nəslin yetişdiyinə inanır, dövləti idarəetmə sükanının etibar olunması barədə fikirlərini də xalqa çatdırmışdı. Ümumilli Lider səhhətində problem yarandığı dövrdə - 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı müraciətdə deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Həmin vaxtdan keçən 20 il bu sözlərdəki müdriklik və uzaqgörənliyi təsdiq etdi. Bu gün Azərbaycan özünün hər bir sahədə dinamik və titanik inkişaf dövrünü yaşayır. İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir.

Heydər Əliyevin Azərbaycanın gələcəyi barədə arzularından biri də Bakı metropoliteni ilə bağlı idi: “Metro bizim müstəqil dövlətimizə keçmişdən çatmış mirasdır. Biz bunu qorumalıyıq, saxlamalıyıq, inkişaf etdirməliyik. Bu, bizim hamımızın vəzifəsidir.” Ulu Öndər fikrini davam etdirərək, “mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər” deyirdi.

İlham Əliyev siyasi sələfinin metro barədə bu tövsiyəsini yerinə yetirməyə vaqon parkının genişləndirilməsi işlərinin davam etdirilməsi ilə başladı. Metronun yeni vaqonlarla təchiz olunması barədə Heydər Əliyevin öz tapşırığı 2002-ci ildən yerinə yetirilirdi. 2011-ci ilə kimi vaqon parkı 155 yeni vaqon aldı. 2015-ci ildən isə Bakı metropoliteninin parkı ancaq innovasiyalar baxımından ən son nəslə mənsub vaqonlarla yenilənir. 2015-2023-cü illər ərzində 115 belə vaqondan ibarət 23 yeni qatar tərkibi xəttə buraxılıb. Bu isə hazırda vaqon parkının 30 faizdən artıq yenilənməsi deməkdir.

Metronun inkişafından danışarkən ilk növbədə yeni stansiyalar, yeraltı yolların müxtəlif istiqamətlərdə uzadılması, şaxələnməsi ağla gəlir. Prezident İlham Əliyev metro barədə ona sələfi tərəfindən edilən tövsiyələrin yerinə yetirilməsi, tapşırılan məsələlərin həlli istiqamətində qəti qərarlar verdi. 2006-ci ildən başlayaraq Şimal sahəsində 20 il yarımçıq qalmış işlər tamamlandı. 2008-2011-ci illərdə Yaşıl xəttin “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyaları sərnişinlərin ixtiyarına verildi. Metronun sonrakı inkişafının istiqamətləri müəyyənləşdirildi. Mühüm qərarlardan biri Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə təsdiq edilmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”i oldu. Metronun inkişafı üzrə dövlət planının reallaşdırılmasınin ilk mərhələsi olan Bənövşəyi xəttin isifadəyə verilməsi ilə metroda hərəkət 3 xətt üzrə təşkil olunmağa başlandı. 2011-ci ildə açılan, müstəqillik dövrünün ilk, Bakı metrosunun 3-cü xətti 18,5 kilometr uzanmaqla Xocəsən qəsəbəsindən başlayıb Qaraçuxur qəsəbəsinə çatacaq. 2016-cı ildə xəttin “Avtovağzal” və “Memar Əcəmi”, 2021-ci ildə “8 Noyabr”, “2022-ci ildə isə “Xocəsən” stansiyaları sərnişinlərin istifadəsinə verilib. Gələcəkdə bu xəttin 6-sı keçid olmaqla, daha 10 stansiyası inşa ediləcək. Bu stansiyalar 7 vaqonlu qatarların qəbuluna hesablanıb və dünya standartlarına uyğun ən müasir idarəetmə sistemləri ilə təchiz olunub. Xəttin öz deposu da qismən fəaliyyət çərçivəsində istifadəyə verilib. “Xocəsən” deposunun funksionallığı xəttin inkişafına müvafiq surətdə genişləndirəcək.

Bu gün 40.7 km bərabər olan metropoliten xətləri konseptual inkişaf sxeminə uyğun olaraq, 119,1 km-ə kimi uzanacaq, sayı 3-dən (Qırmızı, Yaşıl və Bənövşəyi) 5-ə (Mavi və Sarı) çatacaq xətlər üzərində 76 stansiya olacaq. Bu yeraltı yollar şəbəkəsinə 6 depo xidmət göstərəcək.

Günel Məlikzadə
Fins.az