SOSİUM

27 Oktyabr

“Azəriqaz” qazlaşdırılması səmərəsiz olan yaşayış məntəqələrinin sayını açıqlayıb

Bu il üçün nəzərdə tutulan qazlaşdırma işləri çərçivəsində 110 kənd və yeni yaşayış massivində daşıyıcı və paylayıcı küçə xətlərinin çəkilməsi qismən başa çatıb.

Fins.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində bildirib.

Onun sözlərinə görə, daha 40-a yaxın kənd və yeni yaşayış massivində qazlaşdırma işlərinə başlamaq üçün zəruri hazırlıq işləri aparılır və noyabr ayında qeyd olunan yaşayış məntəqələrində qazlaşma işlərinə başlanılacaq.

“Ola bilsin ki, bunların bir qisminin tamamlanması gələn ilin birinci rübündə baş tutsun”, - Teymur Cəfərov qeyd edib.

O, bildirib ki, bu ilin proqramında 150-ə yaxın kənd və yeni yaşayış massivinin qazla təmin olunması nəzərdə tutulub.

Cəfərov əlavə edib ki, ölkə ərazisində 900-ə yaxın qazlaşmamış yaşayış məntəqəsi var ki, bunların 250-ə yaxınının qazlaşdırılması texniki və iqtisadi cəhətdən səmərəsizdir.

“Lakin qalan yaşayış məntəqələrinin qazlaşdırılması “Azəriqaz”ın maliyyə resursları hesabına mərhələli olaraq aparılacaq”, - Teymur Cəfərov vurğulayıb.

Hazırda respublika üzrə qazlaşdırma səviyyəsi 96,4% təşkil edir.

Məhəbbət Məmmədov
Fins.az