SOSİUM

24 Oktyabr

Naxçıvanda “Əmanətlərin sığortalanması sistemi və hüquqi bazanın öyrənilməsi” mövzusunda təlim keçirilib - FOTO

Dünən Azərbaycan Respublikası Mərkəzi Bankınin Naxçıvan Muxtar Respublikası İdarəsi, Əmanətlərin Sığortalanması Fondu və Naxçıvan Universitetinin birgə təşəbbüsü ilə Əmanətlərin Sığortalanması Fondunun əməkdaşları tərəfindən “Naxçıvan” Universitetinin müəllim və tələbə heyəti üçün “Əmanətlərin sığortalanması sistemi və hüquqi bazanın öyrənilməsi” mövzusunda təlim keçirilib.

Fins.az xəbər verir ki, təlimi giriş sözü ilə açan Universitetin rektoru dosent Anar Kazımov bu tipli tədbirlərin ali təhsil müəssisələrində təhsil alan tələbələrə tədris edilməsinin əhəmiyyətini qeyd etmiş, gələcəkdə də adıçəkilən tədbirlərin davamlı olmasını məqsədəuyğun hesab edib.

Sonra Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev tədbirin əhəmiyyətinə toxunaraq cəmiyyətdə daha savadlı və məlumatlı istehlakçı seqmentinin formalaşdırılmasında bu cür tədbirlərin həlledici rol oynadığını vurğulayıb.

Daha sonra videobağlantı ilə tədbirə qoşulan Fondun Himayəçilik Şurasının sədri, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev Naxçıvanda bu mövzuda ilk dəfə təlimin keçirildiyini və bundan sonra da region əhalisinin, xüsusilə də gənc nəslin maliyyə savadlılığının artırılması ilə bağlı tədbirlərin davam etdiriləcəyini bildirmiş və iştirakçılara uğurlar arzulayıb.

Təlim zamanı Fondun təcrübəli əməkdaşları tərəfindən əmanətlərin əhəmiyyəti, əmanət yerləşdirilməsi zamanı nələrə diqqət edilməli və risklərin qiymətləndirilməsi mövzularında tədbir iştirakçılarına məlumat çatdırılmış, iştirakçıların mövzu ətrafında sualları ətraflı cavablandırılıb.

Sonda Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə savadlılığı şöbəsinin rəisi Xumar Hüseynova Mərkəzi Bank tərəfindən "Maliyyə savadlılığı" layihəsi çərçivəsində hazırlanmış resurslar barədə auditoriyanı məlumatlandirmis və tələbələri maraqlandıran sualları cavablandırıb.

Fuad Mədətov
Fins.az