SOSİUM

13 Oktyabr

ADY-nin ekspress qatarı Abşeron dairəvi dəmir yolu xətti üzrə fəaliyyətə başlayıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə pik saatlarda ictimai nəqliyyatda yaranan sərnişin sıxlığını nisbətən azaltmaq, eləcə də daha çox sərnişini qatarlarla təhlükəsiz və vaxtında mənzil başına çatdırmaq məqsədilə bu gündən ekspress qatarının fəaliyyətinə start verib.

ADY-DƏN Fins.az-a bildirilib ki, oturacaq tipli vaqonlardan ibarət ekspress qatarı aralıq stansiya və dayanacaqlarda dayanmadan Bakıdan Sumqayıta və geriyə hərəkət edəcək. Ekspress qatarı gün ərzində səhər və axşam saatlarında ümumilikdə dörd reys olmaqla sərnişindaşımanı həyata keçirəcək.

Belə ki, Bakıdan saat 06:50-də yola düşən qatar saat 07:37-də Sumqayıta çatacaq. Sumqayıtdan saat 07:45-də yola düşən qatar saat 08:26-da Bakı Dəmiryol Vağzalına çatacaq.

Axşam saatlarında isə Bakıdan saat 18:05-də yola düşən qatar saat 18:45-də Sumqayıta çatacaq. Sumqayıtdan saat 19:20-də yola düşən qatar saat 20:05-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Qeyd edək ki, ekspress qatarı Slovakiyada əsaslı bərpa və modernizasiya olunmuş 5 vaqondan ibarətdir və gündəlik olaraq 1000-dən çox sərnişinin daşınması üçün imkan yaradacaq.

Xatırladaq ki, ADY tərəfindən sərnişindaşıma xidmətinin təşkili sahəsində son dövrdə aparılan optimallaşdırma işləri nəticəsində oktyabr ayında Abşeron dairəvi dəmir yolu xətti üzrə ilk dəfə olaraq bir gün ərzində 30 mindən çox sərnişin daşınıb.

Məhəbbət Məmmədov
Fins.az