SOSİUM

08 Sentyabr

“İqtisadiyyat və maliyyə icmalı” jurnalında  Vüsal Qasımlının məqaləsi dərc edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı dirketoru Vüsal Qasımlının Scopus elmi bazasında indeksləşən Böyük Britaniyanın “İqtisadiyyat və maliyyə icmalı” (Review of Economics and Finance)  beynəlxalq jurnalında  “Monetar Şərait İndeksi Monetar siyasətin izahedicisi kimi. Gürcüstan nümunəsində” (Monetary Conditions Index (MCİ) as an Explanatory of Monetary Policy. Case for Georgia) adlı məqaləsi dərc olunub.

Fins.az xəbər verir ki, “İqtisadiyyat və maliyyə icmalı” jurnalı impakt faktora malikdir və onun redaksiya şurasının üzvləri Böyük Britaniya, Yaponiya, Çin, Yeni Zelandiya, İspaniya və s. ölkələrin nüfuzlu universitetlərinin professorlarıdır.  Məqalənin həmmüəllifləri İİTKM-in şöbə müdiri Günay Quliyeva və baş məsləhətçisi Çoşqun Cəfərovdur.

  Məqalədə əsas diqqət Monetar Şərait İndeksi istifadə etməklə pul siyasətinin effektivliyini araşdırmağa yönəlib. Araşdırmada qeyd olunur ki, bu indeks faiz dərəcələrini və valyuta məzənnələrini vahid ölçüdə birləşdirir və  monetar siyasətin real sektora təsirini qiymətləndirmək üçün istifadə edilə bilər.

Müəlliflər MCI hesablanmasını rüblük əsasda 2011-2021-ci illərin iqtisadi göstəriciləri nəzərə alınmaqla həyata keçiriblər. Məqalədə ekonometrik modelləşdirmədən yararlanaraq, Monetar Şərait İndeksindən monetar siyasətin izahedicisi kimi istifadənin mümkünlüyü nəticəsinə gəlinir. 

Məqalə ilə təqdim olunan link vasitəsi ilə tanış olmaq mümkündür: //refpress.org/ref-vol21-a135/