SOSİUM

10 Avqust

Peyk telekommunikasiya xidmətlərindən əldə edilən gəlir açıqlanıb

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 43 ölkəsinə 9,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Bu barədə Fins.az-a Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin iyun ayında isə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) dünyanın 40 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2023-cü ilin yanvar-iyun ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 2,7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,1 milyon ABŞ dolları ilə Lüksemburq, 837,7 min ABŞ dolları ilə BƏƏ, 522,2 min ABŞ dolları ilə Almaniya və 444,4 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.