SOSİUM

10 Avqust

AHİK-in Nabrandakı istirahət mərkəzlərinə baxış keçirilib

Avqustun 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən həmkarlar ittifaqlarına məxsus sanatoriya-kurort müəssisələrində istirahət üçün yaradılan şəraitlə tanış olub.

Fins.az xəbər verir ki, Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının “Xəzər” İstirahət Mərkəzi, “Şahdağ” İstirahət Mərkəzi, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının “Ülfət” İstirahət Mərkəzi, dəmiryolçuların “Lokomotiv” İstirahət Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “Təhsil” İstirahət Mərkəzində olan S.Möhbalıyev istirahət edən insanlarla söhbətləşib, istirahətləri ilə maraqlanıb, fikir və təkliflərini öyrənib.

Bildirilib ki, işçilərin istirahəti, əmək qabiliyyətinin bərpası, müalicəsinin təşkili, sağlamlığının qorunması və möhkəmləndirilməsi, bu məqsədlə verilən məzuniyyət hüququnun təmin edilməsi, məzuniyyət dövründə asudə vaxtın daha səmərəli və mənalı təşkili üçün şəraitin yaradılması həmkarlar ittifaqlarının daim diqqət mərkəzindədir. Bu gün ölkəmizin səfalı guşələrində onlarla istirahət mərkəzləri, sanatoriya-kurort müəssisələri, sağlamlıq düşərgələri fəaliyyət göstərir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü ailələri ilə birlikdə yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır. Bu da təbii ki, ittifaq üzvləri tərəfindən rəğbətlə qarşılanır və onların daha səmərəli fəaliyyət göstərə bilmələri üçün stimul yaradır.

S.Möhbalıyev qeyd edib ki, AHİK-in balansında olan bütün istirahət mərkəzləri müasir tələblərə uyğunlaşdırılır, istirahət üçün geniş imkanlar yaradılır.