SOSİUM

19 İyul

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” adlı məqalə müsabiqəsinin nəticələri açıqlanıb

“Heydər Əliyev İli” ilə əlaqədar İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu tərəfindən elan edilmiş “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” adlı məqalə müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Fins.az xəbər verir ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı çərçivəsində İqtisadiyyat Nazirliyi tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) tərəfindən elan edilmiş “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” adlı ümumrespublika və beynəlxalq elmi və praktiki məqalə müsabiqəsinin qalibləri ictimaiyyətə təqdim olunub.

Müsabiqənin yekunlarına həsr olunmuş hibrid formatda təşkil edilmiş tədbirdə açılış nitqi ilə çıxış edən ESRI-nin İdarə Heyətinin sədri Mahir Hümbətov ümummilli lider Heydər Əliyevin Azərbaycanın iqtisadi və institusional inkişafına verdiyi misilsiz töhfələrindən, Azərbaycan və azərbaycançılıq üçün göstərdiyi danılmaz xidmətlərdən bəhs edib. O, müsabiqənin Heydər Əliyev irsinin, eləcə də ölkəmizin hazırkı sosial-iqtisadi kursunun tədqiq edilməsini təşviq etmək məqsədi daşıdığını xatırladaraq müsabiqəyə qatılmış hər kəsə göstərdikləri maraq və verdikləri dəyər üçün təşəkkür edib. M.Hümbətov müsabiqə qaliblərinin adlarını açıqlayıb, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Müsabiqə Komissiyasının sədri, ESRI-nin İdarə Heyəti sədrinin birinci müavini, iqtisadiyyat elmləri doktoru Arzu Hüseynova müsabiqə barədə ümumi məlumat verib. Qeyd edilib ki, müsabiqəyə 4 dildə olmaqla 12 ölkədən 80-ə yaxın məqalə daxil olub. A.Hüseynova daxil olan məqalələr arasında Müsabiqə Komissiyası tərəfindən seçilmiş, ESRI-nin jurnalının və İqtisadi Əməkdaşlıq Təşkilatının ESRI-nin Baş Redaktorluğu altında olan “İqtisadiyyat” jurnalının redaksiya heyətləri tərəfindən məqbul görülmüş xüsusi məqalələrin sözügedən jurnallarda dərc olunacağını diqqətə çatdırıb.

Müsabiqə Komissiyasının üzvləri ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə, onun iqtisadi siyasətinə verdiyi töhfələrdən bəhs ediblər. Vurğulayıblar ki, müsabiqəyə marağın bu qədər yüksək olması və məqalələrin məzmununun zənginliyi Heydər Əliyevin şəxsiyyətinə olan sevgi və hörmətin təcəssümüdür.

Tədbirdə 6 ölkədən olan 8 müsabiqə qalibi isə ESRI-yə müsabiqənin təşkilinə görə minnətdarlıqlarını bildirib, məqalələrin müvafiq kriteriyalara uyğun və obyektiv qiymətləndirilməsinə görə Müsabiqə Komissiyası üzvlərinə təşəkkür edib.