SOSİUM

10 May

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirildi - FOTO

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektivi mayın 10-da Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib.

Fins.az xəbər verir ki, həmin gün Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında Ümummilli Liderin yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə Agentliyin inzibati binasında Heydər Əliyevin xatirəsi ehtiramla yad edilərək büstü önünə əklil qoyulub və “Heydər Əliyev” guşəsinin açılışı olub.

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Heydər Əliyev tarixi şəxsiyyət olmaqla bərabər tarix yaradan şəxsiyyət idi. Heydər Əliyevin həyat və fəaliyyəti ilə müasir Azərbaycan tarixi bir-biri ilə uzlaşır, biri digərini tamamlayır. Ulu Öndərin şah əsəri müstəqil Azərbaycan, həm də onun yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsdir. Prezident İlham Əliyev bu məktəbi, bu irsi daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da gücləndirib.

Sadiq Sadıqov qeyd etdi ki, bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla idarə olunur, bu gün Prezidentin sayəsində Azərbaycan Cənubi Qafqazda lider və ən qüdrətli dövlət olmaqla yanaşı, siyasi və iqtisadi parametrlərinə görə inkişaf etmiş dövlətlərlə bir sırada inamla addımlayır və gələcəkdə daha böyük müvəffəqiyyətlərə imza atmaq əzmindədir.

Tədbirin sonunda dünya şöhrətli siyasətçi Heydər Əliyevin xatirəsinə həsr olunan sənədli film nümayiş etdirilib.