SOSİUM

17 Aprel

HƏFTƏNİN İQTİSADİ YEKUNLARI

Ötən həftə Azərbaycanda mühüm iqtisadi hadisələr baş verib.

Fins.az xəbər verir ki, keçən həftə ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici ölkələrə rəsmi səfər edib və sərəncam imzalayıb, Milli Məclis yeni qanun layihəsini qəbul edib, Hesablama Palatasının hesabatı və başqa mühüm hadisələr olub.

Aprelin 10-da Prezident İlham Əliyev Qazaxıstan Respublikasına səfər edib. Səfər çərçivəsində Qazaxıstan və Azərbaycan prezidentləri - Kasım-Jomart Tokayev və İlham Əliyev Astanada ticarət-iqtisadi, nəqliyyat, tranzit və humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin, prezidentlər Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində iştirak ediblər.

Aprelin 13-də Prezident İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfər edib. Səfər çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sarayevo şəhərində energetika və xüsusilə "yaşıl" enerji sahəsində əməkdaşlıq müzakirə edilib.
Sarayevoda Bosniya və Herseqovina ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.
Ötən həftənin mühüm hadisələrindən biri isə Prezident İlham Əliyev "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" və Qəbələdə Yengicə su anbarının tikintisi haqqında Sərəncam imzalası olub.

Milli Məclis “Elektroenergetika haqqında” yeni qanun layihəsini qəbul edib. 8 fəsil, 42 maddədən ibarət olan qanun layihəsi energetika sahəsində rəqabətli mühit yaradacaq. Layihəyə əsasən, elektroenergetika subyektləri topdansatış bazarında elektrik enerjisini sata və ala, habelə onunla bağlı xidmətlər göstərə və əldə edə bilərlər. Təchizatçı pərakəndə satış bazarı qaydalarına uyğun olaraq pərakəndə satış bazarında elektrik enerjisi istehlakçılarına elektrik enerjisi sata bilər.

Hesablama Palatasının təhlili ən mühüm hadisələrdən biri olaraq yadda qalıb. Təhlilə görə, Palata tərəfindən 2022-ci ildə aparılmış uyğunluq auditləri ilə aşkar edilmiş maliyyə pozuntularının ümumilikdə məbləği 481,2 milyon manat müəyyən edilib.
Bundan başqa, Hesablama Palatası Azərbaycan Mərkəzi Bankının (AMB) 2021 və 2022-ci ilin birinci yarısındakı maliyyə-təsərrüfat fəaliyyətində qüsurlar aşkarlayıb. Hesabata görə, Mərkəzi Bankın ayrı-ayrı illər və obyektlər üzrə İdarə Heyəti tərəfindən təsdiq edilmiş investisiya büdcəsində hər il üçün nəzərdə tutulan investisiya vəsaitləri müvafiq il ərzində istifadə edilməyib və yaxud müvafiq ilin büdcəsində nəzərdə tutulmadığı halda, investisiya xərclərinə yol verilib.


 
Dövlət Statistika Komitəsinin verdiyi statistikalara əsasən, mart ayında Azərbaycanda inflyasiya 13,8% təşkil edib. Ümumdaxili məhsul 0,4%, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2%, əsas kapitala investisiya qoyuluşu 40%-dən çox, pərakəndə ticarət dövriyyəsi 3% artıb, əczaçılıq məhsullarının istehsalı isə 69% azalıb.

Energetika Nazirliyinin hesabatına görə, Azərbaycanda bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalı cüzi azalıb. Belə ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda bərpa olunan enerji mənbələrindən (su elektrik stansiyalar istisna olmaqla – red.) 90,9 mln. kVt-saat elektrik enerjisi alınıb, bu da illik müqayisədə 0,3 mln. kVt-saat və ya 0,33% azdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Astana şəhərində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə bir sıra sənədlər, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qazaxıstanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov imzalayıblar.

Ötən həftə bank sektorunda da müəyyən dirçəlişlər olub. Belə ki, Unibank kartlarında 200 AZN dövriyyə tələbini ləğv edib, Expressbank isə kredit faizini azaldaraq, illik 11.5%-ə çatdırıb.

Zəminə Hüseyn
Fins.az