“Azərlotereya” ASC Novruz bayramı ərəfəsində "Əmanətə sədaqət" layihəsi çərçivəsində təqaüd ayırdığı şəhid övladları ilə görüş keçirib.
Fins.az xəbər verir ki, ilaxır çərşənbəyə təsadüf edən tədbirdə “Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və təqaüdlə təmin olunan tələbələr iştirak ediblər.
“Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu şəhid övladlarını bayram münasibətilə təbrik edərək vətənini hər şeydən uca tutan qəhrəmanlarımızın övladlarıyla bayramı birlikdə qeyd etdiklərinə görə çox məmnun olduğunu qeyd edib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və digər çıxış edənlər “Azərlotereya”ya şəhid ailələrinə hər zaman xüsusi diqqət ayırdıqlarına görə təşəkkür edib.
Tədbir maraqlı musiqi ifaları fonunda bədii hissə ilə davam edib.
Qeyd edək ki, "Azərlotereya" ASC-nin Elm və Təhsil Nazirliyi, eləcə də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı nəticəsində həyata keçirilən sosial layihə hazırda 66 nəfəri əhatə edir ki, onlardan 59-u Azərbaycanda, 7-si Türkiyədə təhsil alır.
Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır. “Azərlotereya” ASC-nin təqaüd proqramı növbəti illərdə də Azərbaycan və Türkiyənin dövlət universitetlərində ali təhsil almaq istəyən şəhid övladlarına şamil olunacaq.