SOSİUM

09 Mart

“Kənddən Şəhərə” Novruz yarmarkası 11-19 mart tarixlərində fasiləsiz fəaliyyət göstərəcək - FOTO

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar olaraq 11-19 mart tarixlərində “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq.

Fins.az xəbər verir ki, yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

“Kənddən Şəhərə” Novruz yarmarkalarında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq. Yarmarkada ümumilikdə 50 regiondan 82 fermer iştirak edəcək. Fermerlər 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Qeyd edək ki, “Kənddən Şəhərə” Novruz yarmarkalarında fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstəriləcək. “Kənddən Şəhərə” Novruz yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)