Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos 74-cü Beynəlxalq Astronavtika Konqresinə dair innovasiya brifinqi keçirib.
Azərkosmos-dan Fins.Az-a verilən məlumata görə, brifinqdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ASAN İnnovativ İnkişaf Mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin nümayəndələri iştirak ediblər.
Görüşün məqsədi ölkəmizdə innovasiya sahəsində fəaliyyət göstərən, innovasiya yönümlü elmi tədqiqatları həyata keçirən insanların Beynəlxalq Astronavtika Konqresinə marağını artırmaq və onların kosmik innovasiyalar istiqamətində keçiriləcək sessiyalarda aktiv iştirakını təşviq etməkdir.
“Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda beynəlxalq konqres kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideyalar və qabaqcıl həllərlə bağlı fikir mübadiləsi üçün açıq platforma olacaq.
Qeyd edək ki, 2-6 oktyabrda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi qlobal kosmik auditoriyanın bir araya gəldiyi məkandır. Bu konqres kosmik sənayenin inkişafının gücləndirilməsi, qlobal tendensiyalar, kosmos innovasiyaları sahəsində tərəfdaşlıq və əməkdaşlıq yollarını müzakirə etmək imkanı yaradacaq.