SOSİUM

27 Fevral

Onlayn İctimai Nəzarət Platforması: 19 dövlət qurumu vətəndaşların problemlərin həllində fəal olub - FOTO

Bu gün Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük (dekabr 2022-ci il – fevral 2023-cü il) yekunlarına dair dəyirmi masa keçirilib.

Fins.Az-ın məlumatına görə, E-Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıq şəraitində icra edilən layihə çərçivəsində həyata keçirilir.

E-Nəzarət Platforması USAID layihəsi çərçivəsində “MG Consulting” MMC tərəfindən icra edilir.

Dövlət qurumlarının, QHT-lərin və mətbuatın iştirakı ilə keçirilən dəyirmi masada 2022-ci ilin dekabr-2023-cü ilin fevral ayları ərzində Platformaya daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.

Onlayn İctimai Nəzarət Platforması foto/video sübutu olan boru sızması, məişət tullantılarının idarə olunması, yol  örtüyü,  ağaclar, açıq lyuklar və digər bu kimi problemlərə dair müraciətləri  aidiyyəti dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Rübün nəticələrinə görə müraciətlərdə qeyd olunan problemlərin təxminən 70%-dən çoxu öz həllini tapıb.

Rübün nəticələrinə görə 19 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması  və bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal olub və onlara müvafiq təltiflər təqdim olunub. Bu qurumlara Bakı şəhəri İcra Hakimiyyəti, "Azərsu" ASC, “Azərişıq” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi, Yasamal rayon İcra Hakimiyyəti, Nəsimi rayon İcra Hakimiyyəti, Sabunçu rayon İcra Hakimiyyəti, Xəzər rayon İcra Hakimiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Suraxanı rayon İcra Hakimiyyəti, Biləsuvar rayon İcra Hakimiyyəti, Nərimanov rayon İcra Hakimiyyəti, Səbail rayon İcra Hakimiyyəti, Binəqədi rayon İcra Hakimiyyəti, Qaradağ rayon İcra Hakimiyyəti, Lənkəran şəhər İcra Hakimiyyəti, AR DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və AR Daxili İşlər Nazirliyi aiddir.

Digər 5 dövlət qurumuna Onlayn İctimai Nəzarət Platforması ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həllində göstərdikləri köməkliyə görə təşəkkürnamələr təqdim edilib (AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, TƏBİB, “Azəristiliktəczihat” ASC və “Azərbaycan Dəmir Yollari” QSC).

Bununla yanaşı, Onlayn İctimai Nəzarət Platforması tərəfindən  keçirilən “Fəal vətəndaş-5” müsabiqəsinin qalibləri də (Cavad Salmanlı, Kamil Qasımov, Elçin Musayev) təltif edilib.

Məlumat üçün bildərək ki, 2021-ci ildə fəaliyyətə başlayan layihə müxtəlif problemlərlə bağlı ictimaiyyətin müraciətlərinin toplanıb müvafiq dövlət orqanlarına yönəldir və onların həll edilib-edilməməsini izləyir.

Fuad Mədətov
Fins.Az