SOSİUM

27 Fevral

Onlayn İctimai Nəzarət Platforması layihəsinin rüblük yekunlarına dair dəyirmi masa keçirilir

Hazırda Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük (dekabr 2022-ci il – fevral 2023-cü il) yekunlarına dair dəyirmi masa keçirilir.

Fins.Az-ın məlumatına görə, E-Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıq şəraitində icra edilən layihə çərçivəsində həyata keçirilir.

E-Nəzarət Platforması USAID layihəsi çərçivəsində “MG Consulting” MMC tərəfindən icra edilir.

Dövlət qurumlarının, QHT-lərin və mətbuatın iştirakı ilə keçirilən dəyirmi masada 2022-ci ilin dekabr-2023-cü ilin fevral ayları ərzində Platformaya daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilir.

Tədbirə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Azərbaycan Dəmir Yolları" QSC, "Azərsu" ASC, "Azərişıq" ASC, "Azəriqaz" İB, o cümlədən Biləsuvar Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti və şəhər rayonlarının icra hakimiyyətlərinin nümayəndələri dəvət ediliblər.

Tədbirin sonunda fəal dövlət orqanlarına təltiflərin və sertifikatların təqdim edilməsi, o cümlədən “Aktiv vətəndaş” müsabiqəsinin nəticələrinin elan edilməsi və qaliblərin mükafatlandırılması baş tutacaq.

Məlumat üçün bildərək ki, 2021-ci ildə fəaliyyətə başlayan layihə müxtəlif problemlərlə bağlı ictimaiyyətin müraciətlərinin toplanıb müvafiq dövlət orqanlarına yönəldir və onların həll edilib-edilməməsini izləyir.

Fuad Mədətov
Fins.Az