SOSİUM

17 Yanvar

“Azərsu” ASC-nin abonentlərinin sayı 3,9 faiz artıb

2022-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) abonentlərinin sayı 3,9 faiz artıb.

ASC-dən Fins.Az-a bildirilib ki, 2023-cü il yanvarın 1-nə ölkə üzrə 1 milyon 748 min 832 abonent içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1 milyon 679 min 880-i və ya 96,1 faizi əhali, 68 min 952-si və ya 3,9 faizi isə qeyri-əhali qrupu abunəçiləridir.

İl ərzində abonent sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

2023-cü il yanvarın 1-nə “Azərsu” ASC abonentlərinin 88,8 faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 88,6 faiz, qeyri-əhali qrupu üzrə isə 95,6 faiz təşkil edir.