Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni il qabağı ərzaq məhsullarının qiymətlərini aşağı salmağa çağırış edilib.
Bu məsələyə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli toxunub.
"Bu il Azərbaycanda inflyasiya proqnozları özünü doğrultmayıb. Qiymətlərin illik artımı əvvəlcə 4 %, daha sonra isə 12,5% proqnozlaşdırılsa da, 11 ayın yekununa görə, illik inflyasiya 13,8 %, ərzaq inflyasiyası isə 20 %-dən çox olub. Məhsulların çox hissəsinin qiymətləri isə bundan çox artıb. Nəzərə alsaq ki, əhali xərclərinin 60 %-ə qədərini, aztəminatlı əhali isə daha çox hissəsini ərzağa yönəldir, qiymət artımları əhalinin güzəranına mənfi təsir göstərir. Çağırış etmək istərdim ki, bir ənənə başlansın, insanlar qiymət artımından yox, dövriyyədən qazanmağa üstünlük versin ki, əhalinin bütün təbəqələri bayram süfrəsi aça bilsin", - deyə o qeyd edib.