SOSİUM

20 Dekabr

Dövlət Əmək Müfəttişliyi küləkli hava şəraiti ilə bağlı işəgötürənlərə müraciət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti küləkli hava şəraiti ilə bağlı işəgötürənlərə müraciət edib.

Xidmətdən bildirilib ki, Əmək Məcəlləsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.

Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır.

Tikinti işləri görüldükdə küləyin gücü 2 baldan artıq olduqda - kranlar qurulması üzrə quraşdırma işləri,
3 baldan artıq olduqda -qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri,
6 baldan artıq olduqda - taxta-şalban işi, habelə taxta-şalbanın sökülməsi işləri
dayandırılmalıdır.

Qeyd olunub ki, dənizdə işləyərkən küləyin gücü 3 baldan çox olduqda - qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq işləri, 4 baldan çox olduqda - ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma, qaynaq tikişi aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işləri, 5 baldan artıq olduqda - ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri, 6 baldan artıq olduqda - daimi dəniz özüllərində istismar edilən quyularda işlər, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri, 8 baldan artıq olduqda - qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işləri, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işləri, 10 baldan artıq olduqda - quyunun yuyulması işlərindən başqa buruqdakı bütün işlər saxlanılmalıdır.

"İşlərin dayandırılması zamanı işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı ilə fasilənin sayı, müddəti müəyyənləşdirilməli, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli və bu fasilələr zamanı da əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir.

İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri səbənindən baş verməyən boşdayanma kimi və tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir", - Dövlət Əmək Müfəttişliyi Xidmətindən qeyd olunub.