SOSİUM

20 Dekabr

TƏBİB 2023-cü ildə qarşıya qoyulan hədəfləri açıqlayıb

TƏBİB 2023-cü ildə qarşıya qoyulan hədəfləri açıqlayıb.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "TƏBİB Tibbdə müasir keyfiyyət mərhələs: real perspektivlər gələcəyə baxış" adlı hesabat konfransda bildirib ki, ana və uşaq sağlamlığının inkişaf etdirmək, bununla bağlı neqativ halları azaltmaq gələn il üçün əsas hədəflərdəndir:

"Eyni zamanda vətəndaşların tibbi xidmətlərdən məmnunluq səviyyəsini artırmaq, xidmətlərin əlçatanlığını artırmaq, tibbi ərazi bölmələrinin mərkəzlərində regional çoxprofilli xəstəxanaların qurulması, tibb müəssisələrinin dərman təchizatını yaxşılaşdırmaq və müasir tibbi avadanlıqlar ilə təmin etmək, tibb müəssisələrində istifadə edilən xəstəxana informasiya sisteminin və digər elektron xidmətlərin istifadəsini təkmilləşdirmək qarşıya qoyulan məqsədlərdir.

Beynəlxalq əlaqələri və tibbi turizmi (TƏBİB tabeliyində olan tibb müəssisələrində göstərilən tibbi xidmətlərdən xarici vətəndaşların yararlanması) inkişaf etdirmək, tibbi xidmətlərin göstərilməsində həssas əhali qrupuna (qazi, şəhid ailəsi, əlillər) diqqəti daha da artırmaq, xəstəliklərin daha erkən aşkarlanması məqsədi ilə profilaktik xidmətləri inkişaf etdirmək, ölüm səbəbləri arasında əsas yer alan xəstəliklərin (qan dövranı sistemi xəstəlikləri, bədxassəli törəmələr, sinir, endokrin, tənəffüs sistemi xəstəlikləri və s.) qarşısının alınması, erkən aşkarlanması və müalicəsinə yönəlmiş kompleks tədbirlər 2023-cü ildə nəzərdə tutulan işlərdəndir".

V.Qurbanovun sözlərinə görə, 2023-cü ildə TƏBİB tabeli tibb müəssisələrinin yüksək kvalifikasiyalı kadrlar ilə təmin edilməsi planlaşdırılır:

"Növbəti illərdə əhalinin ixtisaslaşdırılmış tibbi xidmətə əlçatanlıq səviyyəsinin artırılması, paytaxtda ölkə üzrə ixtisaslaşdırılmış tibbi xidmətin koordinasiyasını həyata keçirən tibb müəssisələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, tabeli müəssisələrdə reabilitasiya xidmətlərinin gücləndirilməsi, həkim və orta tibb personalının nəzəri bilik və praktiki bacarıqlarının təkmilləşdiriməsi, TƏBİB tabeli tibb müəssisələrinin xarici ölkələrin aparıcı klinikaları ilə əməkdaşlığın təmin edilməsi proqnozlaşdırılır".