Texnologiyalar parkında müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin inkişaf etdirilməsi, yüksək ixtisaslı mütəxəssislərin və kadrların cəlb edilməsi, həmçinin sahibkarlıq subyektlərinin və yüksək ixtisaslı peşəkar muzdlu işçi qüvvəsinin bu sahəyə axınının təmin edilməsi üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində güzəştlərin verilməsi təklif edilir və bu məqsədlə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Qanun layihəsi hazırlanıb.
Fins.az-ın məlumatına görə, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Təkliflər Qanunun müvafiq müddəalarında aşağıdakı mahiyyət və məzmun dəyişikliklərini nəzərdə tutur:
“Sosial sığorta haqqında” Qanuna 14.8-ci maddənin əlavə olunması təklif edilir. Belə ki, texnologiyalar parkının rezidenti onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən hesablanması imkanı yaradır.
Qanunun 14-cü maddəsində sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilən məcburi dövlət sosial sığorta haqqının hesablanması qaydası əks olunmuşdur. Yeni 14.8-ci maddəyə əsasən texnologiyalar parkında fəaliyyət göstərən texnoloji biznes inkubatorunun rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb olunmuş fiziki şəxslərə onların seçiminə əsasən məcburi dövlət sosial sığorta haqlarının iki müxtəlif qaydada ödənilməsi ehtiva edilir.
Təklif olunan maddənin ikinci cümləsində isə bu maddədə nəzərdə tutulan sığortaolunan hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. İl ərzində qeyd edilən kateqoriyadan olan yeni işəgötürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçimi tətbiq edilir.