Azərbaycanda ölkə risk qiymətləndirilməsi həyata keçiriləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ölkə risk qiymətləndirilməsi ölkə səviyyəsində risklərin müəyyənləşdirilərək qiymətləndirilməsi, həmin risklərə uyğun olaraq hədəflərin müəyyən edilməsi, eləcə də risklərin aradan qaldırılması və ya azaldılması üzrə atılan tədbirlərdən ibarətdir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin ölkə səviyyəsində qiymətləndirilməsi sahəvi və institusional qiymətləndirmələrin nəticələrinə əsaslanmaqla Koordinasiya Şurası tərəfindən aidiyyəti nəzarət orqanlarının, digər dövlət orqanlarının (qurumların), öhdəlik daşıyan şəxslərin, habelə bu qanunla müəyyən edilmiş şəxslərin, həmçinin əlaqəli sahələrin nümayəndələrinin iştirakı ilə ən azı 3 ildə bir dəfə həyata keçirilir. Ölkə risk qiymətləndirilməsinin yekunlarına dair hesabat maliyyə monitorinqi orqanının rəsmi internet informasiya ehtiyatında dərc edilməli, ölkə risk qiymətləndirilməsinin bütün iştirakçılarına, o cümlədən nəzarət orqanları vasitəsilə öhdəlik daşıyan şəxslərə, habelə bu qanunla müəyyən edilmiş şəxslərə göndərilməlidir. Sahavi və institusional risk qiymətləndirmələrinin nəticəsi olaraq ölkə risk qiymətləndirilməsinə dair hesabat yenilənə bilər.
Ölkə risk qiymətləndirilməsinin həyata keçirilməsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə risklərin ölkə səviyyəsində müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün nəzarət orqanlarının, digər dövlət orqanlarının (qurumların), öhdəlik daşıyan şəxslərin, habelə bu qanunla müəyyən edilmiş şəxslərin fəaliyyətlərinin bu risklərin səviyyəsinə uyğunlaşdırılması, xüsusilə son nəticədə həyata keçirilmiş tədbirlərin aşkar edilmiş risklərə uyğunluğunun və bu mübarizədə istifadə olunan resursların (inzibati, hüquqi, iqtisadi-maliyyə) effektiv bölgüsünün təmin edilməsi məqsədi daşıyır.
Ölkə risk qiymətləndirilməsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu məhkəmələr və cinayət təqibi orqanlarından zəruri statistik məlumatları öz informasiya sistemi vasitəsilə toplayır, emal edir, ümumiləşdirir və aidiyyəti üzrə təqdim edir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.