SOSİUM

07 Dekabr

Daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir

 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci km-lik hissəsində inşa olunan yeni yerüstü piyada keçidinin tikintisi artıq yekunlaşmaq üzrədir.

İki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 45 metr, aşırım hissəsinin uzunluğu 39 metr, eni 3.5 metr, pilləkənlərin eni 3 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.

Piyada keçidinin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, iki ədəd avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün bir nəzarət otağının tikintisi işləri, həmçinin piyada keçidinin ətrafı üzrə tam şəkildə abadlaşdırılma işləri görülüb.

Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılır. Həmçinin videomüşahidə qurğuları quraşdırılır ki, bu da fasiləsiz nəzarətə imkan yaracaq.

Qeyd edək ki, piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Tədbirlər planına uyğun olaraq cari ildə agentlik tərəfindən artıq M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14.9 və 18.5-ci km-lik hissələrində 2 yeni yerüstü piyada keçidi tikilərək vətəndaşların istifadəsinə verilib. 

Hazırda sözügedən magistral yolun 20.2 və 21.5-ci km-lik hissələrində də yüngül konstruksiyalı keçidlərin inşası aparılır.