SOSİUM

06 Dekabr

Bakı Nəqliyyat Agentliyi: Son 7 ildə paytaxtdakı avtobusların 70 %-dən çoxu yenilənib

Bakı Nəqliyyat Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində son 7 ildə paytaxtda istismarda olan avtobusların 70 %-dən çoxu yenilənib.

Fins.az xəbər verir ki, bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

M. Ağayev pandemiyadan öncəki dövrdə avtobuslarla sərnişin səfər saylarının hər il artdığını deyib:

"2016-cı ildə 629 milyon, 2017-ci ildə 659 milyon, 2018-ci ildə 704 milyon, 2019-cu ildə 801 milyondan artıq sərnişin səfər sayı olub. 2016 və 2018-ci illər aralığında sərnişin səfər sayı 170 milyon, yəni 27 %-dən çox artıb. Ama pandemiyanın gəlişi ilə səyahət sayında 50 %-ə qədər azalma oldu.

Bu tendensiya dünyanın bütün şəhərlərində müşahidə edildi. Təhlillər göstərir ki, həmin şəhərlərdə son iki ildə ictimai nəqliyyata etibar yenidən artmağa başlayıb. Buna onlar yollarda avtobus zolaqlarının tətbiqi ilə nail olub. Misal olaraq Tiflis şəhərini göstərə bilərik".

M. Ağayev xatırladıb ki, oktyabrın 3-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə qurumlar qarşısında paytaxtda ictimai nəqliyyatın fəaliyyətinin təşkili ilə bağlı bir sıra tapşırıqlar qoyulub.
O, bildirib ki, bu tapşırıqlar əsasən Bakıda ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi, yolların buraxıcılıq imkanlarının artırılması, ictimai nəqliyyatın daha səmərəli olması ilə bağlıdır:

"Daha doğrusu "7 A" müntəzəm marşrut xəttinin keçdiyi küçə və prospektlərdə əlavə avtobus zolaqlarının olmasıdır. Son aylar Bakınln nəqliyyat sistemində sıxlıqlar, dayanacaqlarda sərnişinlərin keçirdiyi əsəb, stress, avtobusların hərəkət intervalında gecikmələr şəhər nəqliyyatl ilə bağlı prioritetlərin dəyişdirilməsini ortaya qoyur. Dayanıqlı şəhər mobilliyi üçün əsas məsələ avtobus zolaqlarının təşkilidir".