Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Bu istiqamətdə M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun km 21-ci km-də yerüstü piyada keçidinin inşası davam etdirilir.
Layihə üzrə keçidin uzunluğu 45 metr, daxili eni 3.5 metr, pilləkənlərin eni 3 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid orta dayaqsız metal konstruksiyadan ibarət olacaq. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Hazırda keçiddə montaj işləri görülür və ümumilikdə 75% tikinti quraşdırma işləri başa çatdırılıb.
Belə ki, avtomobil yolunun hər iki tərəfində piyada keçidinin dayaqları quraşdırılıb, Bakı şəhəri istiqamətində uzunluğu 50 metr olan istinad divarı tikilib, hər iki tərəfdə liftlər üçün qəfəsələr(şaxta) tikilərək hazırlanıb, metal konstruksiya əraziyə gətirilmiş və quraşdırılma işlərinə başlanılıb, piyada keçidinin elektrik enerjisi ilə təmin edilməsi işləri davam edir.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Qeyd edək ki, tədbirlər planına uyğun olaraq Agentlik tərəfindən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 46.9-cu km-lik hissəsində də yeni piyada keçidinin inşası aparılır.