“DSMF və İSF büdcəsinin icrasının Milli Məclisdə müzakirə edilməsini təklif edirəm. Bunun üçün lazım olan bütün işlər görülsün”.
“Fins.az” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclas zamanı bildirib.
Deputat xatırladıb ki, gələn il Azərbaycanda orta pensiya 400 manat civarına qalxacaq: “Azərbaycanda pensiyaçıların böyük əksəriyyəti minimum pensiya alır. Bunun xüsusi nə qədərdir? Buna aydınlıq gətirilsin. Bizim orta aylıq əməkhaqqımız 890 manata çatacaq, çox yaxşı... Bəs median əməkhaqqı nə qədərdir? 400 manata qədər əməkhaqqı alan insanların böyük əksəriyyəti regionlardadır. Bu o deməkdir ki, onlar ancaq yaşa görə pensiya ala biləcəklər. Bu, regionlarda kütləvi yoxsullaşmaya aparan haldır. Bunun qarşısını almaq üçün təcili addımlar atılmalıdır”.
Əli Məsimli qeyd edib ki, deputatlara olan müraciətlər arasında pensiya yaşının azaldılması məsələsi çox böyük yer tutur: “Təklif edirik ki, heç olmasa qadınların pensiya yaşının 65-ə qaldırılması prosesi dayandırılsın”.