“Qanun layihəsindən görürük ki, 2023-cü il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat xərcləri keçənilkindən 18,4 faiz çoxdur”.
“Fins.az” xəbər verir ki, bunu deputat Əziz Ələkbərli Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclas zamanı bildirib.
“Əhalinin rifahının yaxşılaşması, yoxsulluq səviyyələrinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsinə ayrılan vəsait də keçənilkindən 1,2 faiz çoxdur. Mən belə hesab edirəm ki, bu faizlər gerçəkliyi əks etdirmir. Niyə? Əhalinin 5-10% təbii artımını, İkinci Qarabağ müharibəsi şəhid, qazi və veteranlarına verilən müavinətləri və illik inflyasiya faizlərini bura əlavə etsək, gerçək mənzərə ortaya çıxar”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, bu məsələdə artımın yox, azalmanın şahidi olmaq mümkündür: “Buna görə də məncə, artıq əhaliyə sosial yardımları artırmaq yox, əhalinin sosial şəratinin yaxşılışdırılması məsələsi barədə fikirləşmək lazımdır. Əgər əhalinin qazı, işığı, iş yeri yoxdursa, ona nə qədər yardım göstərilsə də, lazımı nəticənin əldə olunması çətin olacaq. Yəni, əhaliyə ayrılan vəsait, yardım yanacağa, başqa kommunal xərclərə sərf olunacaqsa, işsizlikdən gələn digər bəlalara sərf olunacaqsa, bunu ayırmağın nə mənası?
Mən də o fikirdəyəm ki, məşğulluq kifayət qədər özünü doğrultmur. İş yerlərinin açılmasına başlamaq lazımdır”.