İcbari tibbi sığorta üzrə xidmətlər zərfi kifayət qədər genişdir, xidmətlərin sayı təxminən 3000-ə çatıb. Lakin hələ də bir sıra ciddi xəstəliklərin müalicəsi həmin xidmətlər zərfində yer almayıb.
Fins.az məlumatına görə, bunu parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zaman deyib.
O qeyd edib ki, zərfdə yer alması lazım olan xəstəliklərdən biri də məhz onkoloji xəstələrin müalicə məsələsidir.
“Zaur müəllim bayaq çıxışında onlar üçün ayrılan təxminən 200 milyon manatdan artıq vəsaitə qənaət etdiklərini qeyd etdi. Növbəti ilin dövlət büdcəsində onkoloji xəstəliklərin müalicəsi üçün ayrılan vəsaitin məbləği olduqca aşağıdır. Bu vəsaitin artırılmasını təklif edirəm.
Müzakirələr zamanı da onkoloji xəstələrin icbari tibbi sığorta ilə əhatə olunmasına təqribən elə 200 milyon manat vəsaitin lazım olduğunu vurğulayıblar. Fürsətdən istifadə edərək Maliyyə Nazirliyindən xahiş edirəm ki, onkoloji xəstəliyin hökmən icbari tibbi sığorta ilə əhatə olunmasına öz köməkliyinizi göstərəsiniz. Çünki bilirik ki, həmin xəstəlikdən əziyyət çəkənlər nə qədər pul xərcləyirlər”, - deyə o qeyd edib.
Ə.Əmiraslanov həmçinin təklif edib ki, auitizm xəstəliyinin müalicəsi də icbari tibbi sığorta çərçivəsində öz təsdiqini tapsın.
Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.
Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.