Səhiyyə sahəsində digər xidmətlərin maliyyələşdirilməsi xərcləri hesabına pandemiya şəraitində əhalinin sağlamlığının qorunması, sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə 2023-cü ilin dövlət büdcəsində sanitar-epidemioloji tədbirlər üçün 48,3 milyon manat vəsait proqnozlaşdırılıb.
Fins.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.
Həmçinin, onkoloji xəstəliyə düçar olmuş şəxslərin sağlamlığının qorunması, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi texniki bazasının gücləndirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində Milli Onkologiya Mərkəzi üçün 47 milyon manat vəsait nəzərdə tutulub.
Bundan başqa, ölkədə ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilmə, göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və gücləndirilməsi, respublikada ixtisaslaşdırılmış oftalmoloji yardımın təşkili məqsədilə 2023-cü ilin dövlət büdcəsindən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 9,5 milyon manat məbləğində vəsait ayrılacaq.