2023-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4415,9 milyon manat vəsait proqnozlaşdırılıb.
Fins.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.
Bu, 2022-ci illə müqayisədə 687,3 milyon manat və ya 18,4 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1251,7 milyon manat və ya 39,6 faiz çoxdur.
Sosial müdafiə və sosial təminat xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 13,3 faiz (2022-ci illə müqayisədə 1,8 faiz-bənd çox), ÜDM-də xüsusi çəkisi isə 4,2 faiz (2022-ci illə müqayisədə 1 faiz-bənd çox) təşkil edəcək.
Əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2023-cü ilin dövlət büdcəsində 1981,1 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2022-ci illə müqayisədə 24,2 milyon manat və ya 1,2 faiz çoxdur.
Növbəti ilin dövlət büdcəsindən əhalinin həssas təbəqələrinə ödənilən yaşa, sağlamlıq imkanlarının məhdudluğuna, ailə başçısının itirməyə və digər sosial müavinətlərin, eləcə də müharibə əlillərinə, ümumi səbəbdən əlillərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin maliyyələşdirilməsi üçün 1436,8 milyon manat vəsait proqnozlaşdırılıb.
2023-cü ilin dövlət büdcəsində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün yönəldilən vəsaitin məbləği 1467,8 milyon manat proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 235,8 milyon manat (19,1 faiz) çox olmaqla, Fondun xərclərinin tərkibində xüsusi çəkisi 1,6 bənd artaraq 23,6 faiz təşkil edəcək.
Növbəti ildə dövlət büdcəsində ünvanlı sosial yardımların verilməsi məqsədilə 277,7 milyon manat vəsait nəzərdə tutulub.