Ölkə səhiyyəsinin inkişafı prioritet istiqaməti olduğundan müstəqilliyin ilk illərindən tibbi sərgilər təşkil olunur.
Fins.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Medinex" və "Beauty Azerbaijan" sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bugünkü sərgi 30 ilə yaxın davam edən ənənənin davamıdır:
"Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə qayğısı nəticəsində respublikamızda müasir səhiyyə infrastrukturları qurulur, tibb mərkəzləri son texnologiya avadanlıqları ilə təmin olunur və maddi texniki baza gücləndirilir. Mütəxəssisələrimizin peşəkarlığının artırılmasına da burada mühüm yer tutur. Bugünkü şəraitdə uğur qazanmaq üçün tibb məhsullarını ən yüksək keyfiyyətlə istehsal edib bazara çıxarmaq kifayət etmir. Onun tanıdılması da istehsal qədər əhəmiyyətlidir. Prezidentin qarşımıza qoyduğu əsas vəzifələrdən biri də milli səhiyyə sistemində tibbi tədqiqatların təmin edilməsidir”.
Nazir deyib ki, pandemiya hər bir ölkənin özünü tibbi məhsulları ilə təmin etməsi məsələsini önə çıxarıb:
“2023-cü ildə səhiyyə və tibb elmi sahəsində nüfuzlu nəşrlərin sərginin təşkilini təklif edirəm. Səhiyyə Nazirliyi belə bir sərginin təşkili üçün lazımi dəstəyi verməyə hazırdır".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev isə çıxışı zamanı bildirib ki, qarşıdakı əsas məqsəd toplanan vəsaitin səmərəli istifadə olunması ilə bağlıdır:
“Bu sərginin məqsədimizə çatmaq üçün böyük töhfə verəcəyinə inanıram. Yeni innovativ texnologiyalardan istifadə etməklə həm keyfiyyətə nail ola, həm də vəsaitlərimizə qənaət edə bilərik. Beləliklə, qənaət olunmuş icbari tibbi sığorta zərfində nəzərdə tutulan xidmətlərə yönəldərik".