SOSİUM

14 Oktyabr

Ağcabədidə 10 yeni subartezian quyusu istifadəyə veriləcək

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC yaxın bir ayda Ağcabədi rayonunda 10 ədəd subartezian quyusunu istifadəyə verməyi planlaşdırır.

Bu barədə qurumdan bildirilib.

Xatırladaq ki, bir qədər əvvəl Milli Məclisin deputatı Aqil Abbas səhmdar cəmiyyətinin yeni rəhbərliyinin ünvanına ittihamlar səsləndirib.

"Rayonda 29 ədəd subartezian quyusunun yeri müəyyən edilərək aktlar tərtib olunub və onları Rayon İcra Hakimiyyəti təsdiqləyib. Bu il subartezian quyularının layihə sənədlərinin hazırlanması və növbəti illərdə qazılması nəzərdə tutulur.

Rayon ərazisində uzun müddət istismar olunmuş və su səfi azalmış mövcud 111 ədəd subartezian quyularından son 5 ildə ayrılan vəsaitə uyğun 35 ədədində əsaslı təmir işləri aparılıb. Bu il 15 ədəd, növbəti ildə daha çox quyunun əsaslı təmir olunması həyata keçiriləcək. Bununla da, 2024-cü ildə qeyd olunan quyuların əsaslı təmiri əsasən başa çatdırılacaq.

Bundan başqa hər il orta hesabla 400-500 quyuda cari təmir işləri görülür. 2022-ci ilin 9 ayı ərzində istismar müddəti başa çatmış və təmir olunması mümkün olmayan subartezian nasoslarının dəyişdirilməsi üçün səhmdar cəmiyyəti Ağcabədi Suvarma Sistemləri idarəsinə 79 ədəd yeni subartezian nasosları verib ki, bu da ötən illərin müvafiq dövrü ilə müqayisədə 10 %-ə qədər çoxdur.

Bu il Ağcabədi rayonunda 63 min ha sahədə əkilmiş müxtəlif kənd təsərrüfatı bitkilərinin 40,7 min hektarı mexaniki üsulla (o cümlədən 26,7 min ha 1026 ədəd subartezian quyuları və 14 min hektarı 52 ədəd nasos stansiyası) və 22,3 min hektarı öz axını ilə (Yuxarı Qarabağ, Yuxarı Mil və Xan qızı kanalları) suvarma suyu ilə təmin olunur.

2022-ci ilin 1 oktyabr tarixinə rayon üzrə kənd təsərrüfatı bitkiləri 63,0 min ha sahədə orta hesabla 6,2 dəfə (ötən il 4,9 dəfə) suvarma suyu ilə təmin olunub, o cümlədən 19,8 min hektar sahədə dənli bitkilər 3,4 dəfə, 11,8 min hektar sahədə pambıq 4,4 dəfə, 22,7 min hektar yem bitkiləri 6,6 dəfə, 3 min ha çoxillik əkmələr 3,6 dəfə, 1,4 min hektardan artıq bostan-tərəvəz bitkiləri 7,3 dəfə, 4,3 min ha həyətyanı sahələri 9 dəfə suvarılıb", - qurumun açıqlamasında qeyd edilib.

© APA