Bir neçə gündür ki, yeni tədris ili başlayıb. Nəticədə məktəblərdə, universitetlərdə və bağçalarda insanların kütləvi toplaşması artıb. Bu, COVID-19-a yoluxma hallarını artıra bilər?
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, insanlar nə qədər çox cəm halında bir yerə toplanarsa, COVID-19-a yoluxma riski artır.
"Amma düşünmürəm ki, yeni tədris ilinin başlanması ilə yoluxma hallarının sayında artım ola bilər. Çünki insanların koronavirusa yoluxması üçün fərqli şəraitlər də mövcuddur. Bunlara misal olaraq ictimai nəqliyyatı, alış-veriş mərkəzlərini, kafe və restoranları göstərmək olar. Koronavirusa yoluxan xəstələri izolə etmək və gigiyenik qaydalara riayət etməklə yoluxmaları kontrol altına almaq olar. Müşahidələrimizdən də görürük ki, ölkəmizdə yoluxmaların sayı azalıb", - V.Əliyev deyib.
Mütəxəssis yoluxanların sayında azalma olmasına baxmayaraq əhalini arxayınlaşmamağa çağırıb:
"Bundan başqa kimsə üçüncü doza peyvəndi vurdurmayıbsa, tövsiyə edərdik ki, peyvənd olunsun. Payız fəsli COVID-19-a yoluxma riskini çoxaldır",- deyə V.Əliyev bildirib.
Qeyd edək ki, dünən Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 259 yeni yoluxma faktı qeydə alınıb, 312 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib.
© Trend