SOSİUM

15 Sentyabr

Bakı metropoliteni istifadəçilərinin sayı 4,5 dəfə artıb

Bu ilin yanvar-avqust aylarında "Bakı Metropoliteni" 128 365,5 min sərnişin daşıyıb ki, bu da illik müqayisədə 4,5 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin yanvar-avqust ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 28 739,5 min nəfər olub.

Qeyd edək ki, 2020-2021-ci illərdə koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunda qatarların hərəkətində məhdudiyyətlər və dayanmalar tətbiq edilib. Bu da, öz növbəsində, metro nəqliyyatı ilə sərnişin daşınmalarının həcminə təsir edib.

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 36,6 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.