Sentyabrın 8-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib. İclasda “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in icraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.
"Fins.az" xəbər verir ki, Müşahidə Şurasının qərarı ilə 2021-ci ilin 13 sentyabr tarixindən etibarən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.
Vüqar Qurbanov Azərbaycan Tibb Universitetinin məzunudur. O, uzun illər həkim-nevropatoloq kimi fəaliyyət göstərib, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsində çalışıb.