SOSİUM

16 Avqust

Regionların inkişafı əhalinin rifahını daha da yüksəldəcək

Azərbaycan Respublikasının regionları yeni inkişaf mərhələsinə qədəm qoyub. Vətən müharibəsində qazandığımz tarixi Qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıq regionların inkişafına da öz təsirini göstərəcək. Ölkənin regional baxımdan davamlı inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin ərzaq təhlükəsizliyinin tədricən təmin olunması üçün bu cür imkanın yaradılması heç şübhəsiz, dövlət başçısı cənab İlham Əliyevin uzaqgörənliyinin və qətiyyətinin nəticəsidir. İşğaldan azad edilmiş ərazilərdə də kənd təsərrüfatı və heyvandarlıq məhsulları istehsal ediləcək. Bu da ölkədə ərzaq bolluğu yaradılmasında mühüm rol oynayacaq. 

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında kənd rayonlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli kömək etmək, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və respublikamızı iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək dövlətin qarşısında əsas vəzifə kimi qoyulmuşdur.

Prezident İlham Əliyev və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq regionlara səfərləri, yeni müəssisələrin açılışında, bəzilərinin isə təməlqoyma mərasimlərində iştirakları bölgələrin simasını tamamilə dəyişib. Yeni yaradılmış iş yerləri əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırıb. Ötən həftə dövlət başçımızın və birinci xanımın Qobustan, İsmayıllı və Ağsu rayonlarına səfərləri zamanı da bunun şahidi olduq. Möhtərəm Prezidentimiz İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində də bölgələrə səfərlərinin müntəzəm xarakter aldığını bildirdi. Bu səfərlər zamanı dövlət başçımız həm yerlərdə vəziyyətlə tanış olur, həm də əlavə göstərişlər verir və regionlarda gedən işlərə şəxsən özü nəzarət edir.

Xatırladaq ki, Prezident İlham Əliyevin hələ 19 il əvvəl ölkəyə rəhbərlik etdiyi gündən qarşıya qoyduğu əsas vəzifələrdən biri regionları inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, işsizliyin və yoxsulluğun səviyyəsini azaltmaq olub. Artıq həmin problemlər arxada qalıb. Son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri geniş vüsət alıb.

Dövlət başçımız Qobustan, Ağsu və İsmayıllı rayonlarına səfəri çərçivəsində burada görülmüş və görüləcək işlər haqqında göstərişlər verdi. Dövlət başçımız müsahibəsində də son illərdə rayonlarda böyük infrastruktur layihələrinin icra edildiyini diqqətə çatdırdı. Qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı zəruri layihələr icra edilib. Dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuş və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı – həm kənd yollarında, eyni zamanda, İsmayıllı–Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ümumiyyətlə, respublikamızın bütün rayonlarında əhalinin elektrik enerjisi və su təchizatı yüksək səviyyədə həll olunub. Hətta, dağlıq rayonlarda da kəndlərin qazlaşdırılması prosesi davam etdirlir. Bir sözlə, bölgələrin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradılıb. Çünki infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz.

Dövlət başçımız səfər çərçivəsində Basqal qəsəbəsində yeni tikilmiş 179 otaqlı müasir otelin açılışında iştirak etdi. Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm potensialını xeyli genişləndirəcək. Eyni zamanda, İsmayıllı rayonunda yeni iş yerinin açılması deməkdir. Təkcə Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır.

Hazırda respublikamızın bütün rayonlarında, xüsusilə, işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quraşdırma işləri geniş vüsət alıb. Dövlət başçımızın qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkəmizdə yeni iş yerlərinin açılmasının daim aparılmasıdır. Çünki əhalimiz çoxalır və iş yerlərinə tələbat da artır. Bu baxımdan ye regionlarda yeni iş yerlərinin yaradılması prioritet vəzifədir

Yusif AĞAYEV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, dosent