DOST konsepsiyası Prezident İlham Əliyevin 2018-ci ildə elan etdiyi islahatlar proqramının önəmli tərkib hissəsidir.
"Fins.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST Agentliyinin 4 illik fəaliyyətinin müzakirəsinə həsr olunan iclasda bildirib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST Agentliyinin ötən dövr ərzində fəaliyyətinin uğurlu olduğu bildirilib.
DOST mərkəzlərində bir milyondan çox vətəndaş müraciəti üzrə xidmət göstərildiyini qeyd edən nazir, bu xidmətlərdən məmnunluq səviyyəsinin 98.1% olduğunu vurğulayıb.
Sahil Babayev DOST mərkəzləri şəbəkəsinin ilbəil genişləndiyini, indiyədək Bakı şəhərini və Abşeron rayonunu əhatə edən 5 DOST mərkəzinin vətəndaşların istifadəsinə verildiyini bildirib. İşğaldan azad edilən ərazilərdə də DOST konsepsiyasının tətbiqinə başlanıldığını bildirən nazir, artıq Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” məntəqəsinin istifadəyə verildiyini qeyd edib. Bu istiqamətdə “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramının icra olunduğunu diqqətə çatdırıb.
Nazir DOST kosepsiyasının beynəlxalq müstəvidə də yüksək qiymətləndirildiyini, Agentliyin beynəlxalq mükafatlara, İSO sertifikatlarına layiq görüldüyünü bildirib.
İclasda DOST Agentliyində xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər dinlənilib.
Müharibə iştirakçıları, onların ailə üzvləri, müharibə ilə əlaqədar zərər çəkmiş şəxslərin post-müharibə dövründə üzləşdikləri psixoloji fəsadların aradan qaldırılması, nazirliyin tabeliyində olan qurumların çağrı mərkəzlərinin 142 - Çağrı Mərkəzinə inteqrasiyası, "DOST indeks" qiymətləndirməsi metodologiyasının tətbiqi və digər məsələlər ilə bağlı təqdimatlar edilib.