SOSİUM

08 Avqust

ADY: Şərq-Qərb dəhlizinə yüklərin cəlb edilməsi zəruridir

Bakıda “Asiya Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan- Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu (Şərq Qərb – aşağı dəhliz – red.) üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının iclası keçirilib.

“ADY Konteyner”dən (“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti)  verilən məlumata görə, toplantıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov iştirakçı ölkələrin dəmir yolu idarələrinin marşrutun cəlbediciliyinin artırılması istiqamətində birgə əməkdaşlığından danışıb. Bildirilib ki, marşruta yüklərin cəlb edilməsi, ortaya çıxan problemlərin operativ həllinin sürətləndirilməsi istiqamətində səylərin birləşdirilməsi zəruridir.

Həmçinin altı ölkəni təmsil edən operatorlar tərəfindən Çinin Qaşqar şəhərindən Avropaya konteynerlərlə yükdaşımalar üzrə pilot layihə müzakirə edilib.

Bildirilib ki, dəhliz boyu yükdaşımaların səmərəliyinin artırılmasını, əməliyyatların optimallaşdırılmasını təmin edəcək rəqəmsal platformanın sınaq versiyası artıq hazırdır. Bu sahədə ixtisaslaşmış “UNİSER” şirkətinin hazırladığı platformanın test rejimində tətbiqi başlayır.

Toplantıda marşrutla bağlı məlumatların yer alacağı veb səhifənin müzakirəsi də aparılıb.

Operatorlar marşrutun səmərəliyinin artırılması üçün tərəflərin iştirakı ilə Konsorsiumun yaradılmasının zəruriliyini vurğulayıblar, bu istiqamətdə müzakirələrin davam etdirilməsi barədə qərar qəbul ediblər.

Qeyd edək ki, “Asiya və Sakit okean regionu-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat marşrutu 2019-cu ildə, “Azərbaycan Dəmir Yolları” QSC və müvafiq ölkələrin dövlət dəmir yolları qurumlarının iştirakı ilə yaradılıb.