SOSİUM

26 İyul

Əlilliyinin bərpası 6 aydan çox çəkən şəxslərə əvvəlki ayların pensiyası ödənilməyəcək

Əlillik müddəti bitmiş vətəndaşların əlilliyi 6 ayı keçdikdən sonra bərpa edilirsə, həmin vətəndaşların pensiyası əlilliyin yeni təyin olunduğu vaxtdan hesablanır.

Bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat"da deyib.

O bildirib ki, bu halda əlilliyin dayandığı müddətin pensiyası vətəndaşa ödənilmir.

"Bu, 2021-ci ilin 24 iyulunda qanuna edilmiş dəyişiklikdə öz əksini tapıb. Lakin əlillik müddətinin bitməsindən 6 ay keçməmiş yenidən əlillik təyin edilibsə, vətəndaşın pensiyası əlilliyin dayandırıldığı tarixdən bərpa olunur" - deyə o qeyd edib.

Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə, 6 aydan çox müddət ötərsə, bu, ötürülmüş müddət sayılmayacaq və müddət üçün pensiya ödənilməyəcək.