Kanadada “Omikron” ştamının yeni BA.2.75 alt növünə ilk yoluxma halları aşkarlanıb.
Fins.az xəbər verir ki, bu barədə yerli CTV telekanalı məlumat yayıb.
Bildirilib ki, BA.2.75-in yüksək yoluxucu olduğu, həmçinin peyvənd və ya xəstəlikdən sonra qazanılan antikorlara qarşı davamlı olduğu güman edilir.
Məlumata görə, alimlər bu mutasiyanın digər variantlarla müqayisədə xəstəliyin daha ciddi gedişatına səbəb olub-olmadığını hələ müəyyən edə bilməyiblər.
“İyulun 6-na olan məlumata görə, ilkin görünüşə əsasən, Kanadada BA.2.75-in aşkarlanması ilə bağlı beş hadisə qeydə alınıb”, - Kanada Səhiyyə Nazirliyinin sözçüsü açıqlayıb.
O qeyd edib ki, bu alt növün tərifi dəqiqləşdikcə rəqəmlər dəyişə bilər.
Telekanalın xəbərinə görə, koronavirusun bu mutasiyası ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya və Hindistan daxil olmaqla azı on başqa ölkədə aşkarlanıb.