“Yüksəliş” müsabiqəsini yarımfinal mərhələsi davam edir.
Fins.az xəbər verir ki, yarımfinal mərhələsinin açılış mərasimində Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, idarəçi rəhbərlərdən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak ediblər.
Müsabiqənin yarımfinal mərhələsində 332 nəfər iştirakçı mübarizə aparır. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edir və onların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndirilir. Keyslər müasir dünya təcrübəsinə əsaslanır və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahəsini ehtiva edir.
Qeyd edək ki, fevralın 17-dən qeydiyyatına başlanılan “Yüksəliş” müsabiqəsinə 12 min 299 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.