SOSİUM

25 May

Deputat: İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir

"Əmək və Məşğulluq" altsistemi, demək olar, gənc nəsil və 45 yaşın altında olan şəxslər üçün uyğundur. Lakin işaxtaranların əksəriyyəti həmin sistemdən istifadə edə bilmir".

Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, hər gün 20-yə yaxın vətəndaş məktubu göndərilir və çoxu da iş axtarmaqla bağlı olur: "İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir. Çünki onlar əmək bazarının tələblərinə hazır deyillər və uyğun iş tapılmır. Eyni zamanda işaxtaranların əmək bazarının tələblərinə uyğunlaşdırılması və hazırlanması üçün maarifləndirmə işləri zəifdir. Ümumiyyətlə nə qədər insanın yeni yaradılan altsistemdən faydalanması sual altındadır. Bu məsələni həll etmək lazımdır".

M.Quliyev bildirib ki, ölkənin əmək bazarı da geniş deyil: "Bundan sonra görəcəyimiz işlər hələ çoxdur. Adətən, şirkətlər yüksək ixtisaslı kadrların işə cəlbində maraqlıdırlar ki, işləri yaxşı getsin. Bəs həmin səviyyədə olmayan şəxslərin aqibəti necə olacaq? Onları kim işə götürəcək?! Təklif edirəm ki, bu sahədə olan qanunvericiliklə bağlı tək dövlət sektorundan yox, özəl sektordan da tövsiyələr ala bilək. Müvafiq qurumlar öz maraq dairələrində işləri həll edirlər. Amma problem bununla həll oluna bilməz".