SOSİUM

25 May

“Moderna” meymunçiçəyinin peyvəndini hazırlayır

COVID-19-a qarşı təsirli peyvənd istehsalı ilə tanınan “Moderna” şirkəti meymunçiçəyi xəstəliyinə qarşı vaksinin hazırlanmasına başladığını elan edib.

Şirkət bu barədə tviterdəki səhifəsində məlumat yayıb.

"Biz 2022-ci ilin mart ayında patogenlərə qarşı mübarizə proqramının genişləndirilməsini elan etdiyimizə və meymunçiçəyi xəstəliyi qlobal ictimai sağlamlıq baxımından əhəmiyyət kəsb etdiyinə görə, potensial virusun peyvəndini klinikaöncəsi səviyyədə araşdırırıq", - məlumatda deyilir.

Şirkət peyvəndin hazırlığının hansı mərhələdə olduğunu hələ açıqlamayıb. Lakin bu, ilk məqsədyönlü meymunçiçəyi peyvəndi ola bilər.

Xatırladaq ki, Epidemiyaya Hazırlıq İnnovasiyaları Koalisiyasının (CEPI) icraçı direktoru Riçard Hatçett artıq meymunçiçəyi xəstəliyinə qarşı iki effektiv peyvəndin olduğunu bildirib. Bunlar çiçək xəstəliyindən qoruyan vaksinlərdir. Hər iki patogen eyni qrupa aiddir və bir-birinə kifayət qədər yaxındır.

Meymunçiçəyinin əlamətləri qabarıq səpki, qızdırma, əzələ və baş ağrılarıdır. Bu xəstəlik daha az ölümcül olur.