SOSİUM

19 May

Həcc ziyarətinə gedən vətəndaşlarımızdan tələb olunacaq peyvəndlərin adı AÇIQLANIB

Bu il Azərbaycandan həcc ziyarətinə gedən şəxslərdən koronavirus əleyhinə hansı peyvəndin tələb olunacağı açıqlanıb. 

Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, ölkəmizdə COVID-19 əleyhinə istifadə olunan bütün peyvəndlər Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilir.

QMİ-yə daxil olan məktubda peyvəndlərin adları təqdim olunub.

Həmin sənədlərdə Azərbaycanda istifadə olunan “SinoVac”, “Pfizer/Biontech”, “Sputnik”, “AstraZeneca” peyvəndlərinin adları var. Peyvənd olunan 65 yaşa qədər insanlar həcc ziyarətinə gedə biləcəklər.

Belə ki, səfərə gedən zəvvarlar COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmalıdırlar və peyvənd sertifikatının bitmə vaxtı altı ay olmalıdır.

Məsələn, bir şəxs həcc ziyarətinə gedirsə, onun səfərə başladığı zamandan sonra COVID-19 pasportunun bitmə müddətinə dörd, beş ay qalacaqsa, o gedə bilməyəcək.  

Azərbaycana ayrılan kvota və qiymətlər yaxın günlərdə məlum olacaq. 

Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, hotel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi.

© Oxu